Magistraturaya qəbul davam edir: Qeydiyyat zamanı nələr vacibdir?
Magistraturiyaya qəbul prosesi davam edir. Bakalavr pilləsini bitirməkdə olan tələbələrin bir çoxu artıq yeni adademik mərhələyə hazırlaşır. Bu mərhələdə düzgün hazırlıq, diqqətli yanaşma və məlumatlı qərarlar gəncin gələcək akademik və peşəkar inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Qeydiyyat prosesi yalnız sənədlərin təqdim olunmasından ibarət deyil, həm də ixtisas seçimi, ödənişli və dövlət sifarişli yerlər arasında seçim, eləcə də elektron sistemdə məlumatların düzgün daxil edilməsi kimi bir sıra önəmli mərhələləri əhatə edir.
İxtsas seçimi üzrə mütəxəssis Rəvan Əliyev Crossmedia.az-a açıqlamasında magistraturaya sənəd verən gənclərlə öz tövsiyələrini bölüşüb: "Magistraturaya qəbul prosesi yalnız imtahan nəticəsi ilə bitmir. Ən vacib mərhələlərdən biri ixtisas seçimidir. Bu mərhələdə edilən texniki və ya strateji səhvlər gəncin gələcək akademik və peşəkar yoluna ciddi təsir göstərə bilər. Qeydiyyat proseslərinin elektronlaşması müsbət amil olsa da, hər bir namizəd bunu tam bacarmaya bilər. Müvafiq sənədlərin siyahısını ali təhsil müəssisələri təqdim edir və bu sənədlərin çoxu elektron məlumat bazası əsasında qeydiyyat prosesini kağız daşımadan həyata keçirməyə imkan yaradır".
Onun sözlərinə görə, ixtisas seçimi sadəcə bal və ya prestij məsələsi deyil: "Bakalavr ixtisası ilə uyğunluqla yanaşı şəxsi maraq və bacarıqlar, əmək bazarında tələbat və akademik davametmə (doktorantura perspektivi) nəzərə alınmalıdır. Yanlış ixtisas seçimi gələcəkdə peşə məmnuniyyətsizliyinə və zaman itkisinə səbəb olur. Ödənişli və dövlət sifarişli yerlərin seçilməsi isə şəxslərin maraqları və maddi imkanları ilə bağlıdır. Bəzən daha prestijli ixtisaslarda oxumaq istəyən gənclər ödənişli yerlərə üstünlük verirlər".
Ekspert əlavə edib ki, magistratura gəncin intellektual və peşəkar inkişafında mühüm mərhələdir: "Bu mərhələdə tələbələr hələ tam karyera bacarıqları barədə məlumatlı olmadıqları üçün çətinliklər yaşaya bilərlər. Ona görə peşəkar karyera mütəxəssislərindən və ixtisas seçimi üzrə təcrübəli analitik-ekspertlərdən məsləhət almaq vacib amillər sırasındadır".
Mehriban Yariyeva
12:03 20.01.2026
Oxunuş sayı: 1375