Yaşayış təyinatlı obyektlər necə qeyri- yaşayış yerinə çevrilə bilər? - Ekspert açıqladı
Son zamanlar insanları düşündürən əsas məsələlərdən biri yaşayış təyinatlı obyektlərin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı bağlıdır. Vətəndaşlar müxtəlif səbəblərdən bunu etməyə çalışırlar. Lakin bu cəhdlər heç də hər zaman ürəkaçan nəticə vermir. Prosedur qaydaların çətinliyi, hətta bəzən bürokratik əngəllər bu prosesə mane olur.
Məsələ barədə Crossmedia.az-a danışan əmlak eksperti Ramil Qasımzadə deyib ki, həmin yaşayış sahəsinin hansı tip ərazidə və hansı tikilidə yerləşdiyinə diqqət edilməlidir: "Əgər yaşayış sahəsi köhnə tikili binalarda yerləşirsə, bu zaman onun qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə verilmir. Xruşov layihəli, Minsk layihəli və digər köhnə tikililərdə yerləşən mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qadağa mövcuddur. Bu məsələ ilə bağlı müraciətlərə Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən baxılır. Yalnız müraciətə rəsmi şəkildə müsbət istiqamət verildikdə və bununla bağlı müvafiq icra hakimiyyəti orqanının, konkret olaraq icra başçısının sərəncamı olduqda, əmlak məsələləri üzrə dövlət xidməti tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi mümkündür. Daha çox ayrı tikili olan yaşayış sahələrinin qeyri-yaşayış sahəsinə çevrilməsi imkanları mövcuddur. Bu məqsədlə vətəndaş həmin obyektin eskiz layihəsi ilə Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edir. Öz növbəsində komitə məsələni araşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Əgər müvafiq icra hakimiyyəti orqanının rəsmi icazəsi olarsa, bununla bağlı sərəncam verilir. Həmin sərəncam əsasında vətəndaş çıxarışla birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək yaşayış sahəsini qeyri-yaşayış sahəsinə çevirə bilər".
Fatimə Nəzərli
13:51 19.01.2026
Oxunuş sayı: 1405