Gənclərin beynəlxalq təhsili Azərbaycan üçün strateji sərmayədir- Ekspert
Azərbaycanın təhsilə cavabdeh qurumları son illərdə həm gənclərin bilik və bacarıqlarını beynəlxalq səviyyədə artırmaq, həm də ölkənin gələcək kadr ehtiyaclarını qarşılamaq üçün strateji addımlar atır. Təhsil sahəsində aparılan yeniliklər, müasir metodların tətbiqi və tələbələrin fərqli təhsil imkanlarına çıxışı təmin etmək məqsədi ilə həyata keçirilən layihələr ölkənin inkişafına və gənclərin peşəkar yetişməsinə töhfə verir. Bu yanaşma həm fərdi inkişafı, həm də dövlət üçün strateji əhəmiyyəti olan insan kapitalının formalaşmasını hədəfləyir.
Bu barədə Crossmedia.az-a danışan təhsil eksperti Rəşad Qardaşov söyləyib ki, təhsilin və elmin vətəni yoxdur, amma vətənin hər zaman təhsilə və elmə ehtiyacı çoxdur: "Müasir dövr, müasir innovasiya onu tələb edir ki, hər zaman insan kapitalı, zəkası daha önə çəkilsin. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycanda olan maddi resurslar insan kapitalına çevrilməlidir. Bu, ancaq təhsil strategiyası ilə əldə edilə bilər. Bu gün Azərbaycan təhsili dünya təhsili strategiyasına uyğunlaşır və ən fərqli istiqamətləri özündə cəmləşdirir. Lakin hər zaman innovasiyaya, yeniliyə, beynəlxalq təcrübəyə açıq olmaq lazımdır. Buna ən böyük nümunə kimi top100-lükdə olan universitetlərdə tələbələrin təhsil alması strategiyasını göstərə bilərik. Dövlət bunu xüsusilə diqqət mərkəzində saxlayır. Təbii ki, gənclərin xaricdə təhsil alması, onların biliklərə yiyələnməsi, ixtisaslı kadr kimi yetişməsi onların hər nə qədər öz peşəkarlığına xidmət edirsə, bir o qədər də dövlətimiz qazanır. Çünki o 500 gəncin təhsilini alıb, ölkəyə qayıtması müxtəlif sahələrdə kadrların yetişməsinə gətirib çıxaracaq. Bu kadrlar da müasir dövrlə ayaqlaşan, dövrün innovasiyaların özündə birləşdirən, yenilikləri əxz edən və zamanla ayaqlaşan yeni kadrlardır. Cənab Prezident Bakı Dövlət Universitetinin 100 illik yubileyinin çıxışında demişdi ki, təcrübə ilə yenilik müştərək şəkildə getməlidir. Bu o demək deyil ki, biz qocaman müəllimlərimizi kənara qoymalıyıq. Əksinə onlardan yararlanmalıyıq. Lakin dövrün tələbi yenilik, dinamikadır".

Ekspert Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Dövlət Tədbirlər planına əsasən, tələbələrin xaricdə beynəlxaq universitetlərdə təhsil almasını yüksək qiymətləndirdiyini qeyd edib: "Bununla qazanan isə Azərbaycan təhsili və dövlətimiz olacaq. Biz lahiyə ayırıb, təqaüd ayırıb, tədbirlər planı formalaşdırıb minlərlə tələbəmizi xaricdə oxudur, onları yüksək peşəkar kadr kimi yetişdiririk. Bu yetişən kadrların ölkənin əmək bazarına qayıtması və qayıdarkən necə inteqrasiya olunacağı düşündürücü sualdır. Amma hesab edirəm ki, bunu xüsusi proqram işləri hazırlanmalıdır. Hər azərbaycanlı gənci düşünməlidir ki, onu oxuyub, boya başa çatdıran üzərində gəzdiyi torpaqdır. Və elə proqram hazırlanmalıdır ki, onların əmək bazarında heç bir problem yaranmasın və yenidən ölkəyə cəlb olunsunlar".
R.Qardaşov, xüsusilə qeyd edib ki, ən əsas məsələ tələb-təklif münasibətlərinin qorunmasıdır: "Bu gün əmək bazarında həkimə ehtiyac 100 nəfərdirsə, biz iki tələbə göndərəndə balans pozular. İT mütəxəssisinə ehtiyac bir nəfərdirsə, biz 20 nəfər göndərəndə digərləri işsiz qala bilər. Əmək bazarı elə tələb-təklif münasibətləri əsasında qurulmalıdır ki, biz onları bazara inteqrasıya etdikdə heç bir problem yaşamayaq. Təlabatımızı, yaxın beş il üçün gözləniləni, hansı ixtisasa nə qədər tələbat olduğunu nəzərə almaq lazımdır".
Fatimə Məmmədova
10:14 19.01.2026
Oxunuş sayı: 1326