Üç mindən artıq mütəxəssisə liderlik edən azərbaycanlı xanım - MÜSAHİBƏ
Diaspor təşkilatları əsasən mədəniyyət, dil, təhsil və ictimai diplomatiya üzərində qurulur. Xaricdə yaşayan icmalar milli bayramları qeyd edir, ana dilində məktəblər və kurslar təşkil edir, mədəni tədbirlər, sərgilər və konfranslar vasitəsilə öz ölkələrini tanıdırlar. Bu fəaliyyətlər həm yeni nəsillərin assimilyasiyasının qarşısını alır, həm də yaşadıqları ölkələrdə multikultural cəmiyyətin formalaşmasına töhfə verir. Eyni zamanda diaspor siyasi və informasiya müstəvisində də getdikcə daha fəal mövqe tutur. Xüsusilə qlobal informasiya dövründə diaspor üzvləri sosial media, beynəlxalq platformalar və ictimai təşəbbüslər vasitəsilə öz ölkələrinin maraqlarını müdafiə edir, yanlış təsəvvürlərə qarşı alternativ narrativlər yaradırlar. Bu mənada diaspor artıq təkcə “kənarda yaşayan icma” deyil, qlobal proseslərə təsir göstərə bilən yumşaq güc elementidir.
Crossmedia.az bildirir ki, xaricdə yaşasa da, öz mədəniyyətini unutmayan insanlardan biri də Xəyalə Eylazovadır. Xəyalə xanım bu gün PwC şirkətində EMEA üzrə Konsaltinq Əməliyyatlarının Transformasiyası sahəsində Baş Əməliyyat Direktoru (COO) vəzifəsini icra edir. 2017-ci ildən etibarən şirkətdə fəaliyyət göstərən Xəyalə Eylazova EMEA regionu üzrə 3000-dən artıq mütəxəssisi birləşdirən güclü şəbəkəyə liderlik edir. Bu yol Microsoft-un Qlobal Baş Qərargahında keçirdiyi onillik beynəlxalq təcrübədən sonra PwC-də yeni miqyas və təsir mərhələsinə keçidi simvolizə edir. Peşəkar uğurları ilə yanaşı, Xəyalə Eylazova inklüzivlik və bərabər imkanların qlobal səviyyədə müdafiəçisi kimi də tanınır. O, UN Women UK təşkilatının idarə heyətinin üzvüdür və müxtəlif beynəlxalq platformalarda gender bərabərliyi, liderlik və sosial transformasiya mövzularında fəal çıxış edir.

-Sizin yolunuz üç mədəniyyəti - Azərbaycan, İrlandiya və Böyük Britaniyanı birləşdirir. Bu çoxqatlı kimlik liderlik üslubunuza necə təsir edib?
-Üç mədəniyyətin kəsişməsində böyümək mənə liderlikdə balansı öyrədib: Azərbaycandan insanlara yaxınlıq və qayğı, İrlandiyadan səmimiyyət və hekayəçilik, Böyük Britaniyadan isə sistemlilik və ölçülə bilən nəticələrə fokus. Bu çoxqatlı kimlik sayəsində fərqli baxışları bir masada birləşdirə, müxtəlif ünsiyyət üslublarını daha tez “oxuya” bilirəm. Nəticədə liderlik üslubum empatiyaya söykənən, eyni zamanda aydın məqsəd, struktur və məsuliyyət üzərində qurulan bir modeldir.
-PwC-də EMEA üzrə 3000-dən artıq insanı əhatə edən şəbəkəyə rəhbərlik edirsiniz. Bu miqyas hansı çətinlikləri yaradır və onların öhdəsindən necə gəlirsiniz?
-Ən böyük çətinlik miqyasın özü deyil, miqyasın yaratdığı məsafədir — fərqli ölkələr, zaman zonaları, mədəniyyətlər və prioritetlər arasında hamını eyni məqsəd ətrafında motivasiyada saxlamaq. Mən bunu üç əsas prinsip üzərindən idarə edirəm:
1. Aydın “niyə” - hamının anlaya biləcəyi ortaq missiya,
2. Ritm - müntəzəm ünsiyyət, şəffaf qərar mexanizmləri və ölçülə bilən hədəflər,
3. Səlahiyyətin paylaşılması - liderliyi mərkəzdə saxlamaq yox, regionlarda gücləndirmək.
Bu yanaşma həm sürəti artırır, həm də insanlarda güclü aidiyyət hissi yaradır.
-Kembric Universiteti ilə birgə yazdığınız “Shaping the Success” kitabının əsas mesajını bir cümlə ilə ifadə etsəniz, bu nə olardı?
-Uğur təsadüf deyil; niyyətin, düzgün seçimlərin və davamlı inkişaf vərdişlərinin ardıcıl şəkildə qurulmasının nəticəsidir.

-Microsoft-un Qlobal Baş Qərargahından PwC kimi nəhəng konsaltinq şirkətinə keçid sizin üçün nəyi dəyişdi?
-Əsas dəyişiklik “məhsul və platforma düşüncəsi”ndən “problem və transformasiya düşüncəsi”nə keçid oldu. Microsoft-da böyükmiqyaslı texnologiya ekosistemi ilə işləyirdim, PwC-də isə müxtəlif sənayelərdə, fərqli yetkinlik səviyyəsində olan müştərilərin ən mürəkkəb biznes suallarına cavab tapmağa fokuslanıram. Burada təsir dairəsi insan + proses + texnologiya üçlüyünün birlikdə dəyişdirilməsindən keçir. Yəni texnologiya artıq təkcə alət deyil, strategiyanın və təşkilati mədəniyyətin ayrılmaz hissəsidir.

-Bu gün qlobal səviyyədə karyera qurmaq istəyən azərbaycanlı gənclərə ən vacib tövsiyəniz nə olardı?
-Birinci tövsiyəm: dünya standartında dəyər yaradan bir bacarıq seçin və onu sistemli şəkildə dərinləşdirin. Dil bilmək vacibdir, amma sizi fərqləndirən əsas sual budur - “Mən nəyi digərlərindən daha yaxşı edirəm?”
İkinci: şəbəkə qurun, amma sadəcə tanışlıq üzərindən yox, etibar üzərində.
Üçüncü: fürsət gözləməyin. Portfel yaradın - layihələr, çıxışlar, məqalələr, real nəticələr. Qlobal arenada ən güclü “CV” sizin gördüyünüz işlərin izidir.
Sevinc Yarməmmədova
09:30 17.01.2026
Oxunuş sayı: 2090