Sosial sahədə operativlik və şəffaflıq müsbət qiymətləndirilir - EKSPERT RƏYİ

İqtisadiyyatda müşahidə olunan sürətli inkişaf, möhkəm ictimai-siyasi sabitliyin təmin olunması, vətəndaşların sosial rifahının yüksəldilməsi ölkəmizdə daxili siyasətin mühüm uğur göstəricilərindəndir. Həyata keçirilən dövlət proqramlarının, çoxşaxəli islahatların real nəticəsi olaraq ölkə iqtisadiyyatı inkişaf mərhələsinə qədəm qoyub, bütün kateqoriyalardan olan vətəndaşların əməkhaqları bir neçə dəfə artıb, iqtisadiyyata sərmayə yatırımı yüksəlib. Ölkə iqtisadiyyatının ardıcıl və dinamik inkişafı, həyata keçirilən köklü dəyişikliklər iqtisadi sabitliyi təmin etməklə bərabər, dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə geniş yol açıb, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün möhkəm zəmin yaradıb. Bu baxımdan da, hər il Respublikamızın sosial inkişafı istiqamətində mühüm addımlar atılaraq, müəyyən sosial islahatlar həyata keçirilir.
Vətəndaşlara xidmətlərin göstərilməsində çevikliyin təmin olunması baxımından uğurlu şəbəkə olan DOST mərkəzlərində xidmətlərin çevikliyinin təmin olunması da daim diqqətdə saxlanılan məqamlardandır.
Dövlət sosial xidmətləri sahəsində innovativ yeniliklərin tətbiqi ilə şəffaflığın və ədalətliliyin təmin edilməsi, vətəndaş məmnunluğuna nail olunması da qeyd edilməli vacib nüanslardandır. Belə ki, pensiya təyinatı sahəsində heç bir sənəd toplanmadan, müəyyən internet portalları vasitəsilə iş şəraiti vətəndaşlar üçün əlverişli olub, vaxta qənaət baxımından da sərfəlidir.
Maraqlıdır, bu tip iş şəraiti operativlik, şəffaflıq baxımından necə dəyərləndirilir?
Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nin sədri Emin Həsənli Crossmedia.az-a açıqlamasında qeyd edib ki, DOST mərkəzlərinin yaradılması özü də çox mühüm bir hadisədir:
"Bu tip mərkəzlər vətəndaş məmnunluğu yaradaraq, dövlətə olan inamı artırır. Əvvəllər vətəndaşlar lazımsız olaraq sənədlər toplayır, müxtəlif orqanlara üz tuturdular ki, bu da xeyli zaman aparır, əlavə vaxt itkisinə səbəb olurdu. Eləcə də bu zaman vətəndaşların haqlı narazılıqlarını da müşahidə etmək mümkün idi. Artıq bunların hər biri bir məkanda cəmləşib və ölkəmizin bir sıra ərazilərində sözügedən xidməti mərkəzlərin artırılması ən uğurlu islahatlardandır. Belə bir iş şəraiti operativlik və şəffaflıq baxımından yüksək səviyyədə qiymətləndiriləndir. Hər bir kəsin bu proseslərdən tam şəkildə yararlanması üçün şərait yaradılıb. Sözügedən proseslər onu göstərir ki, ölkəmizin qarşıya qoyduğu məqsədlərdən biri də məhz vətəndaşının məmnunluğu, dövlətə inamın gücləndirilməsidir. Azərbaycan sosial yönümlü bir dövlətdir və bunu sübut etdi".
Qeyd edildiyi kimi, ölkəmizdə həyata keçirilən sosial sahədə islahatlar öz bəhrəsini verir və son illərin digər nailiyyəti müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı sisteminin formalaşdırılmasıdır. Bu proses sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir.
Aytac Kərimova
13:21 30.11.2024
Oxunuş sayı: 9003