Bu şəxslər ən ciddi hüquqi cavabdehliyi daşımalıdırlar - Hüquq müdafiəçisi
Bakının mərkəzi küçələrində vətəndaşların təhlükəsizliyinə və ictimai asayişə ciddi təhdid yaradan cinayətkar fəaliyyət ifşa edilib. Paytaxtın ən gur və insanların sıx hərəkət etdiyi ərazilərində yetkinlik yaşına çatmayan şəxslərdən istifadə etməklə oğurluq əməllərinin törədilməsi faktları hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində azyaşlıları məqsədli şəkildə qanunsuz əməllərə sövq edən, onları cinayət alətinə çevirən şəxslərin kimliyi müəyyən olunaraq saxlanılıb. Hadisə bir daha azyaşlıların hüquqlarının qorunması və onların kriminal mühitdən uzaq saxlanılmasının nə qədər vacib olduğunu gündəmə gətirib.
Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Yetkinlik yaşına çatmayan şəxslər törətdikləri əməllərə görə, şübhəsiz ki, məsuliyyət daşımalıdırlar. Lakin bu məsuliyyətin forması onların yaşı və cinayətin xarakteri nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Əgər söhbət ilk dəfə cinayət əməli törətmiş şəxslərdən gedirsə, xüsusilə də onlar 17 yaşına çatmayıblarsa, bu halda sərt həbs cəzası deyil, alternativ cəza tədbirləri daha məqsədəuyğundur. Məsələn, iri məbləğdə cərimə və ya ev dustaqlığı tətbiq edilə bilər. Çünki yetkinlik yaşına çatmayanların həbsxana mühitinə düşməsi onların daha ağır sosial və psixoloji problemlərlə üzləşməsinə səbəb ola bilər. Qanunvericilik yetkinlik yaşına çatmayanlara münasibətdə fərqli yaş hədləri müəyyən edir. On altı yaşından etibarən cinayət məsuliyyəti yarana bilər və bu yaşdan yuxarı şəxslər barəsində cinayət işi açılması mümkündür. On dörd yaşından yuxarı olan şəxslər oğurluq kimi əməllərə görə azadlıqdan məhrumetmə cəzası almasalar da, onlara qarşı cərimə və ya ev dustaqlığı kimi tədbirlər tətbiq edilə bilər. Bu yaş qrupunda əsas məqsəd cəzalandırmaqdan daha çox tərbiyəvi təsir göstərməkdir".

O bildirib ki, cəzanın növü törədilən əməlin ağırlığından, vurulan maddi ziyanın məbləğindən və cinayətin təkrarlanma hallarından birbaşa asılıdır: "Hər bir konkret hal fərdi qaydada araşdırılmalı və hüquqi qiymət verilməlidir. Xüsusilə diqqət yetirilməli olan məsələ yetkinlik yaşına çatmayanları cinayətə sövq edən şəxslərlə bağlıdır. Əgər 14 yaşlı uşaqlar cinayət törədirsə, böyük ehtimalla onların arxasında yönləndirən və təşkil edən şəxslər dayanır. Bu yaşda olan uşaqların cinayət məsuliyyətini və əməllərinin hüquqi nəticələrini tam dərk etməsi çətindir. Bu səbəbdən əsas araşdırma onları cinayətə sövq edən şəxslərin üzərində aparılmalıdır. Qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayanları cinayətə cəlb edən şəxslər daha ağır məsuliyyət daşıyırlar və onlara qarşı sərt cəza tədbirləri tətbiq olunmalıdır. Belə hallarda cəzanın ağırlığı ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla müəyyən edilir və bu şəxslər ən ciddi hüquqi cavabdehliyi daşımalıdırlar".
Elmir Heydərli
10:15 15.01.2026
Oxunuş sayı: 2006