Stokholmda Qarabağ həftəsonu məktəbi yeni tədris ilinə başlayıb
İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən İsveç-Azərbaycan Federasiyasının (SAF) nəzdində Qarabağ həftəsonu məktəbində yeni tədris ilinin başlanması münasibətilə təntənəli tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
SAF Birliyinin rəhbəri Sevda Dadaşova Qarabağ həftəsonu məktəbinin fəaliyyəti haqqında danışıb, illik tədris proqramını təqdim edib. O, məktəbin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin daim diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb, göstərilən dəstəyə görə dərin minnətdarlığını ifadə edib.
Məktəbin müəllimləri — Eluca Atalı, Aynur Məlikova, Emil Mahanen və Nərgiz Yusifova yeni tədris ili üzrə aylıq proqramları təqdim edib, dərslərin məzmunu və məqsədləri barədə ətraflı məlumat veriblər. Bildiriblər ki, əsas hədəf azyaşlı soydaşlarımızda Azərbaycan dilinə sevgi aşılamaq, onları milli dəyərlər ruhunda tərbiyə etmək və gələcəkdə Vətən üçün faydalı vətəndaşlar kimi formalaşdırmaqdır.
Yeni tədris ilində məktəbdə Azərbaycan dili, milli musiqi və rəqs dərslərinin keçirilməsi nəzərdə tutulur.
Tədbirdə Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin birinci katibi Əsgər Nağıyev, diaspor nümayəndələri Cavanşir Əmir Haşimi, Aygül Yusubova, Xədicə Əminova, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm üzrə koordinatoru Ayda Əmir Haşimi çıxış ediblər. Qarabağ həftəsonu məktəbinin fəaliyyətini yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərində keçirilən V Dünya Azərbaycanlılarının Qurultayında vurğuladığı kimi, Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən həftəsonu məktəbləri diasporumuzun gələcəyi üçün strateji əhəmiyyətə malikdir. Bu məktəblər xaricdə yaşayan azərbaycanlı uşaqların assimilyasiyadan qorunmasında, ana dilinin, milli kimliyin, tarix və mədəni irsin yaşadılmasında əvəzsiz rol oynayır.
13:53 14.01.2026
Oxunuş sayı: 1241