ABŞ-nin İrana hücumuna hazırlıq görülür? -Şərh
İranda baş verən etirazlar və sosial gərginliklər ABŞ və İsrailin regiondakı hərbi-diplomatik mövqelərini diqqət mərkəzinə çıxarıb. Məlumata görə, ABŞ yaxın həftələrdə İrana qarşı hərbi əməliyyat imkanlarını qiymətləndirir və artıq böyük hərbi texnikanı Yaxın Şərqə yerləşdirməyə başlayıb. İsrail isə yalnız ABŞ-nin addımından sonra və İranın ona qarşı hücum ehtimalı yaranarsa əməliyyatlara qoşulmaq niyyətindədir. Bu kontekst həm regiondakı siyasi gərginliyin, həm də beynəlxalq münasibətlərin mürəkkəbliyini göstərir.
Mövzu barədə Crossmedia.az-a danışan politoloq, professor Əlimusa İbrahimov bildirib ki, ABŞ-ın yaxın günlərdə İrana zərbə endirəcəyi barədə xəbərlər gəlməkdədir: “Tramp da bu barədə durmadan bəyanatlar verir. Amma hücum baş tutmayana qədər bunu birmənalı təsdiqləmək mümkün deyil. Bu cür iddiaları səsləndirənlər Trampın siyasi kursu və güddüyü hədəflərdən xəbəri olmayan siyasətçilərdir. ABŞ 1979-cu ildən bu günə qədər İran təhlükəsindən istifadə edərək Yaxın Şərqin neftlə zəngin ölkələrini təsir altında saxlayır, onları silahlandırır və öz siyasi maraqları naminə istifadə edir”.

Ə. İbrahimov qeyd edib ki, bu gün İran təhlükəsinin aradan qalxması ABŞ-nin regiondakı siyasətinə necə təsir edəcək, hələlik qaranlıqdır: “Bu yeni şəraitdə ABŞ təsir dairəsini saxlaya biləcəkmi? Çətin sualdır. Ona görə də ABŞ-ın İrana birbaşa hücum edəcəyinə və orada rejim dəyişikliyinə gedəcəyinə inanmıram”.
Politoloq əlavə edib ki, İsrail məsələsində vəziyyət fərqlidir: “İsrail, əslində İran əleyhinə yeni zərbənin tərəfdarıdır. Netanyahu ABŞ-yə səfəri zamanı belə bir hücum üçün razılıq almağı düşünürdü. Lakin indiyə qədər hücumun baş verməməsi Trampın buna razı olmaması kimi qiymətləndirilməlidir. Üstəlik, Venesuelada baş verən hadisələr Vaşinqtonun diqqətinin digər regionlara yönəldiyini göstərir. İran və ümumilikdə Yaxın Şərq ABŞ üçün əvvəlki qədər kritik əhəmiyyət daşımır. Digər tərəfdən, Çin bu prosesdə fəal rol oynaya bilər. Venesuelanı itirən bu ölkə İrandan da asanlıqla əl çəkməyəcək, artıq bu barədə Çin Xarici İşlər Nazirliyi səviyyəsində xəbərlər gəlməkdədir”.
Mehriban Yariyeva
14:43 13.01.2026
Oxunuş sayı: 1236