Vyanada "İpək Yolunda Türk Dünyası" foto-sərgisi ilə Türk Həftəsi başlayıb
BMT-nin Vyana ofisində "İpək Yolunda Türk Dünyası" adlı foto-sərginin açılış mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) mətbuat xidmətindən bildirilib.
Açılış mərasimində tədbirin ev sahibi qismində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisinin (UNODC) sədr müavini və əməliyyatlar direktoru Bo Mathiasen, TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüraliyev, TDT-də dövr sədrliyini təmsil edən Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Baş direktor müavini Fatou Haidara və bu təşkilatın Kosmos İşləri üzrə Ofisinin (UNOOSA) direktor müavini Driss El Hadani çıxış ediblər.
K.Ömüraliyev çıxışında İpək yolunun Avrasiya məkanında mədəniyyətləri, iqtisadiyyatları və cəmiyyətləri bir-birinə bağlayan ortaq tarixi və sivilizasiya məkanı olduğunu vurğulayıb. O, TDT-nin hazırda nəqliyyat, ticarətin asanlaşdırılması və xalqlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi sahələrində həyata keçirdiyi təşəbbüslərin tarixi irsin müasir davamı xarakteri daşıdığını qeyd edib.
TDT-nin Katibliyi və Türk Akademiyası tərəfindən birgə təşkil olunan sərgi İpək yolu marşrutları boyunca Türk Dünyasının mədəni irsini, tarixi dərinliyini və coğrafi davamlılığını vizual təqdimat vasitəsilə nümayiş etdirir.
Açılış mərasimindən sonra Azərbaycan səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.
Qeyd edək ki, yanvarın 15-dək davam edən "Türk həftəsi" çərçivəsində "İpək Yolundan Orta Dəhlizə" yüksək səviyyəli dəyirmi masa, Avropadakı türk diaspor təşkilatlarının nümayəndələrini bir araya gətirən Diaspor Potensialının Artırılması Təlim Proqramı, Türk Dünyasının mədəni zənginliyini və bədii müxtəlifliyini əks etdirən görkəmli türk sənətçilərinin iştirakı ilə konsert də keçiriləcək.(Report)



21:03 12.01.2026
Oxunuş sayı: 1263