Türkiyə ordusu terrorla mübarizədə Suriyaya dəstək verməyə hazırdır - Nə baş verəcək?
Son zamanlar Suriyada baş verən hadisələr regional sabitlik və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamasına görə, “Suriya Demokratik Qüvvələri” (SDQ) nəzarətindəki əraziləri qorumaq üçün sərt mövqe nümayiş etdirir və bu, Suriyanın sülh və stabilliyinə ciddi maneə yaradır. Nazir vurğulayıb ki, artıq SDQ-nin terror və separatçılığa son qoymasının vaxtıdır və Türkiyə, bölgədəki həssaslıqları nəzərə alan, eyni zamanda Suriyaya sabitlik gətirəcək bir razılaşmanın əldə olunmasını dəstəkləyir.
Məsələ barədə Crossmedia.az-a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı isə düşünür ki, təkcə SDQ deyil, bütün terror qrupları fəaliyyətini dayandırmalı, silahı yerə qoymalı, sivil həyata qayıtmalı, həmçinin dövlətlərarası münasibətlərə müdaxilədən imtina etməlidir: “Ancaq bir məsələ də var ki, terror təşkilatları onsuz da nə sivil həyata, nə də dövlətlərarası münasibətlərə hörmət edirlər. Bu azmış kimi, onların hüquq, qanun və ədalət anlayışı da yoxdur. Ona görə də düşünürəm ki, indi SDQ rəhbərliyi Hakan Fidanın çağırışına “yox” deyəcək, yəni silahı yerə qoymayacaq və təslim olmayacaqlar. Pozuculuq və terror əməllərinə qaldıqları yerdən davam edəcəklər,” – deyə ekspert qeyd edib.
H. Səhrablı əlavə edib ki, SDQ yalnız öz daxilindən idarə olunmur və fəaliyyətinə xarici amillər də təsir edir: “Amerika və Qərb amili, həmçinin terrora dəstək verən digər tərəflər SDQ-nin hərəkətlərinə təsir göstərir. Ona görə də təşkilat Hakan Fidanın çağırışına uyğun özbaşına qərar verib hərəkət etməyəcək. Bundan əlavə, SDQ-nin maliyyələşdirilməsində maraqlı böyük dövlətlər də fəaliyyətinin dayanmasına razılıq verməyəcək, çünki onların məqsədləri terror qruplarını dəstəkləməkdir".
Ekspert vurğulayıb ki, Türkiyə bundan sonra Suriyanın qanuni hakimiyyəti ilə əlaqələrini inkişaf etdirməli və beynəlxalq hüquqa uyğun olaraq həm Suriyanın qanuni hakimiyyətinə, həm də Türkiyə dövlətinin maraqlarına uyğun tədbirlər həyata keçirməlidir: “Əgər Suriya hakimiyyəti terrora qarşı mübarizədə rəsmi dəstək istəyərsə, Türkiyə ordusu hər şəkildə dəstək verməyə hazırdır. Gözləmək olar ki, terror istiqamətində təxribatlar davam etdikcə, Əl-Şara hakimiyyəti yaxın zamanlarda Türkiyədən rəsmi kömək istəyəcək və bu halda Türkiyə qanuni tələblərə əməl etməyən terrorçulara layiqli cavab verə bilər".
Mehriban Yariyeva
14:05 10.01.2026
Oxunuş sayı: 2105