VƏZİYYƏT NƏZARƏTDƏN ÇIXIR: İran xalqı silaha sarılır - ABŞ hər an müdaxilə edə bilər
Yaxın Şərqdə baş verən proseslərə emosional yox, strateji prizmadan yanaşmaq hər zaman daha doğru nəticələr verir. Xüsusilə İran kimi mürəkkəb siyasi, dini və etnik struktura malik ölkələrdə baş verən etirazlar səthi şərhlərlə izah oluna bilməz. Son günlər İranda müşahidə edilən ictimai narazılıqlar da ilk baxışdan rejimin taleyi ilə bağlı sadə nəticələr çıxarmağa əsas vermir. Tarixi təcrübə göstərir ki, xalq etirazlarının başlanması avtomatik olaraq hakimiyyətin süqutu demək deyil; əksinə, bu proseslər uzunmüddətli, qanlı və regional fəsadlar doğura bilən mərhələlərə keçə bilər. Bu baxımdan, mövcud hadisələrə soyuqqanlı yanaşmaq, mümkün ssenariləri və onların region, xüsusilə Azərbaycan üçün doğura biləcəyi nəticələri dərin təhlil etmək zərurəti yaranır.
Baş verən hadisələrlə bağlı Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib:
“Ümumiyyətlə, İranda baş verən hadisələrə diqqətlə və soyuqqanlı yanaşmaq lazımdır. Niyə soyuqqanlı olmaq vacibdir? Yaxın tarixdən kiçik bir misal gətirmək olar: Suriyada hadisələr başlayanda, Hələbdə, Dəməşqdə, Xumsda xalq kütlələrinin etirazı başladığı zaman hamı düşünürdü ki, bir aydan sonra Bəşər Əsəd rejimi devriləcək. Amma qanlı münaqişə 11 il davam etdi. Burada Avropanın günahı varmı? Var. İran rejiminin Bəşər Əsədə dəstəyi varmı? Təbii ki, var. Buna görə də xalq etirazlarından danışanda əsas diqqət, rejimin dağılıb-dağılmayacağı deyil, nəticələrin nələr olacağı üzərində olmalıdır. Bu kontekstdən yanaşmaq daha peşəkar olar.

Digər tərəfdən, İranda baş verən etirazlar yeni deyil. Əvvəllər də bu səbəbdən etirazlar olmuşdu, amma bugünkündən fərqli idi. Əvvəlki hadisələrdə siyasi və dini elitanın, həmçinin sepahın ritorikası eyni idi. Lakin bu dəfə bir fərq müşahidə olunur. Məsələn, Məsud Pezeşkianın açıqlaması, hazırkı prezident və dolayısı ilə xalq kütlələrinə müəyyən haqlar tanıması, İran hakimiyyətində mövcud fərqlilikdən xəbər verir".
Ekspert bildirib ki, Ali dini lider və sepah möhkəmlənmiş dini elitanı təmsil edir, Pezeşkianın açıqlaması hər şeyi dəyişmir, amma fərqli yanaşma olduğunu göstərir.
Bununla yanaşı, məsələ olduqca mürəkkəbdir. Biz bəzən Azərbaycandan baxıb, İran və Suriyadakı vəziyyəti sadələşdiririk. Rejimin dəyişəcəyi və hər şeyin aydın olacağı düşüncəsi yanlışdır. Soyuqqanlıqla yanaşmalı, bu parçalanma iddialarının və arzu edilən ssenarilərin nəticələrini qiymətləndirməliyik. Bu fəsadlar fonunda Azərbaycanın özünü qoruma mexanizmləri önəm daşıyır.
Rejimin çökməsi asan məsələ deyil. Tarixi nümunələr, məsələn Rza Pəhləvinin devrilməsi, göstərir ki, bir kütlə tərəfindən qəbul edilən dəyişiklik digər kütlələr tərəfindən sevilməyə bilər. Hakimiyyət isə tez-tez ikili və yalançı mesajlardan istifadə edir. Məsələn, əvvəlki açıqlamalarda İran rejimi guya kürdlərin, Azərbaycan türklərinin və digər etnik qrupların etirazlara qatılmadığını bildirirdi. Bu, qismən doğru olsa da, əslində etirazlarda iştirak edənlər arasında Azərbaycan türkləri, kürdlər, sünnilər və əhvazlar da var idi. Ehtimal ki, bu iştirak genişlənəcək.
Hazırda isə İran rejimi qarşısını almaq üçün ciddi addımlar atır. Bu, yalnız xalqı qorxutmaq və sərt hərbi tədbirlər görmək deyil, həm də informativ manipulyasiya vasitəsilə vəziyyəti idarə etməkdir".
R.Hafizoğlu əlavə edib ki, digər tərəfdən, əgər Güney Azərbaycanın müstəqilliyi məsələsini nəzərdən keçiririksə, bu yol asan deyil: "Burada görünməyən, suyun altında qalan ciddi maneələr var. Əvvəlcə, xalqın istəyinin olması vacibdir və orada yaşayan soydaşlarımızın belə bir istəyə malik olduqları da açıq faktdır. Bu istəklərin səbəbləri haqlıdır və bunu inkar etmək mümkün deyil.
Tarixi və hüquqi baxımdan da haqsızlıqlar mövcuddur. Məsələn, ermənilərə və digər xristian azlıqlara xüsusi hüquqlar tanınarkən, Azərbaycan türklərinə qarşı məhdudiyyətlər tətbiq olunub. Eyni zamanda, sünnilərə qarşı da ciddi ayrı-seçkiliklər var; məsələn, İranın sünni məscidlərinin olmaması özlüyündə böyük bir problemdir. Orada təhsil hüququ və dil məsələlərindəki məhdudiyyətlər də bu kontekstdə önə çıxır.
Bununla yanaşı, İran hakimiyyəti zəif və manipulyasiyaya məhəl qoymayan bir dövlət deyil. Güney Azərbaycanın müstəqilliyi elan edilsə belə, bölgədə bunun fəsadlarını nəzərə almaq lazımdır. Düşmən qüvvələr bunu etnik münaqişəyə və ya müharibəyə çevirmək üçün müxtəlif planlar hazırlamış ola bilər.
İran rejiminin devrilməsi asan məsələ deyil. Təcrübə göstərir ki, Suriyada Bəşər Əsəd uzun illər qarşıdurmaya davam edib. Eyni zamanda, dini faktor və şiə radikalizmi məsələsi də hər an aktiv saxlanılır. İranın həm sünni, həm də şiə radikalizmindən doğan problemləri Yaxın Şərqdəki fəsadlarla müşahidə etmişik; bu ssenarilər burada da təkrarlana bilər.
Obyektiv yanaşsaq, Şah rejimi iddia edildiyi qədər sevilməyib və eyni zamanda bugünkü molla rejimi də xalq tərəfindən geniş dəstək almır. Mən İrana səfər etmiş biri kimi deyə bilərəm ki, molla rejimi təqdim olunduğu kimi sevilən deyil. Sosioqrafik və siyasi səbəblərdən, ölkədə çalkalanmalar baş verir və hakimiyyət həm xəbərlər, həm də digər vasitələrlə manipulyasiya aparır. İran hökuməti Suriyadan zəif deyil; ciddi fəsadlar yaratmaq və sərt tədbirlər görmək qabiliyyətinə malikdir".
Ayhan
11:45 10.01.2026
Oxunuş sayı: 3583