BMU Çinin daha bir aparıcı universiteti ilə müqavilə imzaladı
Bakı Mühəndislik Universiteti (BMU) Çin Xalq Respublikası ilə ali təhsil sahəsində əməkdaşlığını genişləndirməkdə davam edir. Universitet daha bir ikili diplom proqramı (İDP) üzrə müqaviləni bu ölkənin aparıcı ali məktəblərindən olan Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti (BUCEA) ilə imzalayıb.
Crossmedia.az xəbər verir ki, müqavilə çərçivəsində Memarlıq, İnşaat mühəndisliyi, Ətraf mühit mühəndisliyi, İnformasiya texnologiyaları, Maşınqayırma mühəndisliyi ixtisasları üzrə iki model əsasında magistratura səviyyəsində birgə təhsil proqramları həyata keçiriləcək. Proqrama müəyyən edilmiş kriteriyalara uyğun olaraq seçilən tələbələr təhsillərini başa vurduqdan sonra hər iki universitetin magistr diplomunu əldə edəcəklər.
BMU-nun rektoru Yaqub Piriyev müqaviləni yalnız iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişlənməsi deyil, eyni zamanda Azərbaycanla Çin arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təhsil sahəsində bariz nümunəsi kimi dəyərləndirib. Çin ali məktəblərinin zəngin təcrübəsinin BMU üçün dəyərli olduğunu vurğulayan rektor BUCEA-nın “Bir Kəmər, Bir Yol” Memarlıq Universitetləri Beynəlxalq Konsorsiumunun (BRAUIC) yaradılmasında fəal təşəbbüskarlığını ali təhsil müəssisələrinin gələcək birgə layihələrdə iştirakları üçün möhkəm zəmin kimi qiymətləndirib.
Yaqub Piriyev həmçinin 2026-cı ilin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyini, eləcə də bu il Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçiriləcəyini vurğulayaraq, bu önəmli hadisələr fonunda universitetlər arasında səmərəli əməkdaşlığın xüsusi aktuallıq daşıdığı və ali təhsil ilə qlobal şəhərsalma gündəliyi arasında mühüm intellektual körpü rolunu oynadığını qeyd edib.
BUCEA-nın rektoru Zhang Dayu BMU ilə qurulan əməkdaşlığı Azərbaycan və Çin arasında ali təhsil sahəsində əlaqələrin inkişafına mühüm töhfə kimi qiymətləndirib. Rektor həmçinin BMU heyətinin ötən il BUCEA tərəfindən təşkil olunan “2025 Beynəlxalq Ağıllı Şəhərlər və İpək Yolu Gənclər Sinerjisi Yay Məktəbi”ndə uğurla iştirakını önə çəkib və əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib.
İmzalanma çərçivəsində tərəflər arasında birgə təhsil proqramlarının icra mexanizmləri müzakirə olunub, eyni zamanda gələcək elmi və akademik layihələrə dair fikir mübadiləsi aparılıb.
17:18 09.01.2026
Oxunuş sayı: 1257