AMEA-nın prezidenti: Prezident İlham Əliyevin siyasəti gənc nəsillərin milli dəyərlərə bağlılığını artırır
Prezident İlham Əliyevin siyasətində Azərbaycan dilinin qorunması əsas prioritetlərdən biridir. Dil yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyi, tariximizi və mədəniyyətimizi daşıyan əsas sütundur.
Crossmedia.az xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunmasına səfərbərlik” mövzusunda ictimai müzakirədə söyləyib.
Akademik bildirib ki, dövlət dili xalqın birliyini təmin edir və milli mənəvi dəyərlərin nəsildən-nəslə ötürülməsində həlledici rol oynayır.
“Prezident İlham Əliyevin çıxışlarında və müsahibələrində Azərbaycan dilinin inkişafı, qorunması və dövlət siyasətində istifadəsi dəfələrlə vurğulanıb. Bu, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycan dövlətinin nüfuzunu gücləndirir və milli kimliyimizin möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin siyasəti dilin dövlət strukturlarında ardıcıl istifadəsini təmin etməklə yanaşı, gənc nəsillərin milli dəyərlərə bağlılığını artırır. Bu yanaşma ölkəmizin həm daxili birliyinə, həm də beynəlxalq aləmdə mövqeyinə müsbət təsir göstərir", - deyə İ.Həbibbəyli vurğulayıb.
14:59 09.01.2026
Oxunuş sayı: 1395