Azərbaycan hər zaman mədəni müxtəlifliyə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır - Deputat
Azərbaycanın milli musiqi irsi olan məşhur “Sarı Gəlin” mahnısının İran dövlət telekanalında erməni musiqisi kimi təqdim edilməsi məsələsi ciddi şəkildə narazılıqlar yaradıb. Bu cür təqdimatlar yalnız mədəniyyətə hörmətsizlik deyil, həm də tarixi və milli irsimizin təhrif olunmasıdır. Azərbaycan tərəfi bu məsələ ilə bağlı müvafiq diplomatik, hüquqi və mədəni addımlar atmalı, beynəlxalq aləmdə də faktları dəqiqliklə təqdim etməlidir. Bu hal bir neçə dəfə mənfur qonşumuz Ermənistan tərəfindən səsləndirilib, müvafiq addımlar atılıb. Lakin normal qonşuluq münasibətlərimizin olduğu İranda dövlətindən bu cür addımın atılması gözlənilməz hörmətsizlikdir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Crossmedia.az-a açıqlama verib: "İran dövlət televiziya kanalında Azərbaycan xalq mahnısı Sarı Gəlinin erməni musiqisi kimi təqdim olunması təəssüf doğurur və diqqətlə yanaşılmalı məsələdir. “Sarı Gəlin” Azərbaycan xalqının zəngin musiqi-mədəni irsinin mühüm nümunələrindən biridir və onun mənşəyi ilə bağlı faktlar tarixən aydındır. Dost və qonşu ölkələrin rəsmi media qurumlarının mədəni irs məsələlərində daha həssas və məsuliyyətli mövqe sərgiləməsi xalqlar arasında qarşılıqlı hörmətin qorunması baxımından önəmlidir. Bu cür təqdimatlar istər-istəməz yanlış təsəvvürlər yarada bilər və buna görə də diqqətlə dəyərləndirilməlidir. Ümid edirik ki, məsələ müvafiq qurumlar tərəfindən obyektiv şəkildə araşdırılacaq, yaranmış anlaşılmazlıqlara aydınlıq gətiriləcək və gələcəkdə oxşar halların qarşısı alınacaq. Azərbaycan hər zaman mədəni müxtəlifliyə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır".
Ayhan
17:10 07.01.2026
Oxunuş sayı: 9445