Azərbaycanın Avropanın enerji təchizatındakı rolu artır - Deputat detalları açıqladı
Prezident İlham Əliyev yerli media orqanlarına verdiyi müsahibədə qeyd edib ki, həcm və coğrafiya baxımından bizim qaz ixracımız artır. Biz indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz etmişik. Daha iki ölkəni də qazla təmin edəcəyik.
Hazırda 11-i müntəzəm olmaqla 14 ölkənin Azərbaycan qazı ilə təmin edilməsi, eləcə də yaxın perspektivdə daha iki ölkənin bu siyahıya əlavə olunması enerji strategiyasının ardıcıl və uğurla həyata keçirildiyini göstərir.
Bu baxımdan əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın neft-qaz siyasəti uzunmüddətli inkişaf strategiyası çərçivəsində necə qurulub və bu siyasət ölkənin iqtisadi təhlükəsizliyinə hansı töhfələri verir. Məhz bu kontekstdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və həyata keçirilən enerji siyasətinin mahiyyəti daha dərindən təhlil olunmalıdır.
Azərbaycanın Avropa ölkələrinin qaz təminatındakı rolu barədə Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib:
"Azərbaycan Prezidenti yerli mediaya verdiyi müsahibədə 2024–2025-ci illəri əhatə edən hesabat xarakterli geniş qiymətləndirməni də ictimaiyyətin diqqətinə təqdim etmiş oldu. Bu kontekstdə dövlət başçısı Azərbaycanın əldə etdiyi əsas nailiyyətləri ardıcıllıqla sadalayaraq, ölkənin iqtisadi və strateji inkişaf xəttinin əsas istiqamətlərini ön plana çıxardı. Şübhəsiz ki, hazırkı mərhələdə Azərbaycanın malik olduğu qaz ehtiyatlarının milli strateji məqsədlər üçün səmərəli şəkildə istifadə olunması, eyni zamanda iqtisadiyyatın digər sektorlarının inkişafına yönəldilməsi ən vacib məsələlərdən biridir.
Xüsusilə qeyd edilməlidir ki, qaz bu gün dünyanın ən vacib istehlak və enerji vasitələrindən biri olmaqla yanaşı, qlobal enerji daşıyıcıları bazarında strateji məhsul hesab olunur. Lakin Azərbaycan həm dünya bazarına ixrac etdiyi qaz ehtiyatlarına, həm də daxili istehlak üçün istifadə etdiyi qaza yalnız klassik strateji enerji resursu kimi yanaşmır. Paralel şəkildə dövlət gələcəkdə bu resursun davamlı və bərpa olunan enerji mənbələri ilə əvəzlənməsi üçün zəruri addımlar atır.
Bu baxımdan Azərbaycanın həyata keçirdiyi yaşıl enerji siyasəti xüsusi əhəmiyyət kəsb edir. Günəş, külək və dəniz üzərində külək enerjisi vasitəsilə enerji istehsalı imkanlarının genişləndirilməsi bir tərəfdən qaz ixracının daha da artırılmasına şərait yaradır, digər tərəfdən isə ölkənin daxili enerji balansında qazdan asılılığını azaldaraq yaşıl enerjinin payını yüksəldir. Nəticə etibarilə Azərbaycan həm dünya qaz bazarındakı mövqeyini gücləndirir, həm də uzunmüddətli perspektivdə dayanıqlı enerji modelinə keçidi təmin edir".
Deputat əlavə edib ki, bu strateji balans əslində Azərbaycanın hələ imkanlar mövcud olduğu bir mərhələdə özünü gələcəyin yaşıl enerjisi ilə təmin etmə qabiliyyətinin formalaşdırılması kimi dəyərləndirilməlidir ki, bu da son dərəcə mühüm və uzaqgörən yanaşmadır: "Çünki neft və qaz kimi enerji resursları tükənən sərvətlərdir. Halbuki bərpa olunan enerji mənbələri – hidroenerji, su elektrik qurğuları, külək və günəş enerjisi uzunmüddətli və dayanıqlı inkişaf üçün əsas təminat hesab olunur və artıq bu istiqamətdə Azərbaycanda konkret layihələr reallaşdırılır.
Prezident İlham Əliyev müsahibəsində bu məqsədlə Çin və ərəb ölkələrinin aparıcı şirkətləri ilə əməkdaşlıq çərçivəsində qabaqcıl texnologiyaların tətbiq olunduğunu, Azərbaycanın enerji ehtiyaclarının müəyyən hissəsinin artıq bu mənbələr hesabına ödənildiyini xüsusi vurğulayıb. Bu sahədə aparılan sistemli və keyfiyyətli islahatlar bir tərəfdən Azərbaycanın enerji bazarından əldə etdiyi dividendləri artıracaq, daha çox neft və qaz ixracı hesabına əlavə gəlirlər formalaşdıracaq, digər tərəfdən isə ölkə daxilində yaşıl enerji istehsalını genişləndirərək gələcəkdə yaşıl enerji ixracına imkan verəcək səviyyəyə çatdıracaq. Bütün bunlar uzunmüddətli perspektivdə Azərbaycanın qlobal enerji bazarındakı mövqeyini və strateji rolunu müəyyən edən əsas amillərdən biri olacaq".
Ayhan
17:25 07.01.2026
Oxunuş sayı: 12440