İranda etiraz aksiyaları: Daxili sabitlik və regional təhlükəsizlik üçün risklər artır
İranda baş verən etiraz aksiyaları ölkədaxili sabitlik və regional təhlükəsizlik baxımından diqqət mərkəzinə çevrilməkdədir. Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son məlumatlarına görə, İranın 18 əyalətində qeydə alınan onlarla etiraz aksiyası sosial narazılığın coğrafiyasının genişləndiyini və prosesin daha mürəkkəb mərhələyə keçdiyini göstərir. Etirazların getdikcə zorakı xarakter alması vəziyyətin eskalasiya riskini artırsa da, Venesuelada baş verən siyasi hadisələr fonunda bu proses beynəlxalq ictimaiyyətin diqqətindən qismən kənarda qalır.
Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Xasay Gəraylı bildirib ki, İranda etirazların daxili siyasi sabitliyə təsiri bir neçə istiqamətdə özünü göstərə bilər: "Rəsmi dairələrin etirazlara münasibəti vahid deyil. Bu münasibət çoxmərhələli və balanslı xarakter daşıyır. Prezidsnt Məsud Pezeşkiyan çıxışlarında etirazların əsasən sosial-iqtisadi səbəblərdən qaynaqlandığını etiraf edib. O, bahalaşmaların, inflyasiyanın və tətbiq edilən sanksiyaların əhali üzərində yaratdığı təzyiqi qeyd edir və hökumətin buna reaksiya verməyə çalışdığını vurğulayır".
X. Gəraylı əlavə edib ki, Pezeşkiyan bir neçə çıxışında problemin yalnız təhlükəsizlik yolu ilə həllinin mümkün olmadığını, iqtisadi və idarəetmə sahəsində islahatların vacib olduğunu bildirib: "Bu isə hökumətin etirazları tamamilə inkar etmədiyini və onları müəyyən mənada legitim sosial narazılıq kimi qəbul etdiyini göstərir.
İranın ali siyasi və digər rəsmi dairələrindən də bir neçə açıqlama səslənib. Etirazların 18 əyalətdə baş verməsi narazılığın lokal deyil, sistem xarakteri daşıdığını göstərir. Bu, mərkəzi hakimiyyətin sosial-iqtisadi idarəetmədə və legitimlik sahəsində problemlərini üzə çıxarır. Xüsusilə inflyasiya, işsizlik və sosial ədalətsizlik etirazların əsas hərəkətverici qüvvəsi olaraq qalır. Zorakılığın artması isə təhlükəsizlik strukturlarının rolunu daha da gücləndirir. Qısamüddətli perspektivdə rejim nəzarəti bərpa edə bilər, amma uzunmüddətli dövrdə dövlətlə cəmiyyət arasında etimad boşluğu dərinləşəcək. Repressiv tədbirlər siyasi sabitliyi möhkəmləndirməkdən çox, gizli böhran riskini artırır".
Müsahibimiz vurğulayıb ki, etirazların əyalətlərdə intensivləşməsi əyalət-mərkəz münasibətlərində gərginliyi yüksəldir: "İran çoxmillətli ölkədir və etnik, sosial müxtəliflik yüksəkdir. Uzunmüddətli dövrdə mərkəzi hakimiyyətə qarşı separatçı meyillər olmasa da, belə proseslər formalaşa bilər. Hazırkı etirazlar İran rejimi üçün dərhal sistem dəyişikliyi təhlükəsi yaratmasa da, daxili siyasi sabitliyi zəiflədən, legitimliyi aşındıran və uzunmüddətli struktur problemlərini görünən edən ciddi bir faktordur".
Mehriban Yariyeva
09:36 06.01.2026
Oxunuş sayı: 2515