Tehran üçün geri sayım başlayıb: İranı Suriyaya çevirmək istəyənlər var
İran cəmiyyəti uzun illərdir həm daxili, həm də xarici təzyiqlərlə üzləşir. Son dövrlərdə ölkədə sosial-iqtisadi böhran, etnik və dini qruplar arasında narazılıqların artması, habelə siyasi qərarların sərt şəkildə tətbiqi gərginliyi daha da dərinləşdirib. Bu vəziyyət yalnız daxili problemlərlə məhdudlaşmır; regionda və beynəlxalq aləmdəki geosiyasi təsirlər də ölkədəki sabitliyi birbaşa təsir edir.
Müasir dövrdə İranın ictimai və siyasi həyatını anlamaq üçün, həm xalqın gündəlik həyatındakı çətinlikləri, həm də hakimiyyətin idarəetmə strategiyalarını nəzərə almaq vacibdir. Etirazlar, sosial narazılıqlar və regional siyasət bir-birinə sıx bağlıdır və ölkənin gələcək inkişaf perspektivini müəyyən edən əsas faktorlar kimi çıxış edir.

Məsələ ilə bağlı siyasi şərhçi Elşad Paşasoy Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Hazırkı müşahidələr onu göstərir ki, İranda vəziyyət getdikcə daha da gərginləşir. Xüsusilə son bir həftənin monitorinqi göstərir ki, etiraz aksiyaları daha geniş coğrafiyanı, daha çox şəhər və bölgəni əhatə edib. Hökumətin etirazçıları dinləmək əvəzinə sərt mövqe sərgiləməsi bu gərginliyi dərinləşdirən əsas amillərdən biri kimi çıxış edir.
Baxmayaraq ki, Prezident Məsud Pezeşkiyan təhlükəsizlik qüvvələrini aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq etməməyə və onlarla dialoq aparmağa çağırmışdı, ali dini liderin etirazçıların cəzalandırılmasına yönəlik faktiki mövqeyi gərginliyi daha da artırdı. Nəticədə toqquşmaların miqyası genişləndi.
Son məlumatlara əsasən, ölənlərin sayı 20 nəfərə çatıb, yüzlərlə insan həbs olunub, çox sayda yaralı var. Bu faktlar yaxın günlərdə sabitliyin bərpa olunacağına dair nikbin proqnozlar verməyə əsas yaratmır. Etirazları yalnız zorakı üsullarla yatırmaq cəhdləri qısamüddətli nəticə versə belə, uzunmüddətli perspektivdə davamlı ola bilməz.
Bundan əvvəl, Məhsa Əmininin ölümü fonunda da İranda genişmiqyaslı etirazlar baş vermişdi və həmin dövrdə təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında uzunmüddətli qarşıdurmalar yaşanmışdı. Lakin indiki situasiya əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənir.
Belə ki, bu dəfə etirazçılara həm ABŞ Prezidenti Donald Tramp, həm də İsrail Baş naziri Benyamin Netanyahu tərəfindən açıq dəstək mesajları verilir. Hətta etirazçılara qarşı silah tətbiq ediləcəyi və kütləvi qətllərin baş verəcəyi təqdirdə İrana qarşı zərbələrin endirilə biləcəyi ilə bağlı xəbərdarlıqlar səsləndirilir. Bu gün İran hakimiyyəti eyni vaxtda həm daxildə ciddi ictimai müqavimətlə, həm də xaricdən gələn təzyiq və təhdidlərlə üz-üzədir".
O bildirib ki, mövcud şəraitdə ən rasional çıxış yolu xalqın təmsilçiləri ilə açıq dialoqa başlamaqdır: "Lakin rejimin buna özündə siyasi iradə tapıb-tapmayacağı sual altındadır. Faktiki olaraq, bu gün İranda islahatçılarla mühafizəkarlar arasında uçurum daha da dərinləşir. Prezident Pezeşkiyanın son dövrlərdə məsuliyyəti xarici qüvvələrin deyil, məhz İran hakimiyyətinin, məmurların və idarəetmə sisteminin üzərində görməsi, xalqın haqlı olduğunu açıq şəkildə etiraf etməsi obyektiv və doğru yanaşma kimi qiymətləndirilə bilər. Məhz bu mövqeyinə görə ona qarşı təzyiqlərin artdığı, hətta istefaya məcbur edilməsinə cəhdlərin olduğu müşahidə olunur.
Ehtimal istisna edilmir ki, proseslərin gedişində Məsud Pezeşkiyan vəziyyəti idarə edə bilmədiyini etiraf edərək istefa versin. Lakin bu halda uduzan təkcə Pezeşkiyan olmayacaq — bütövlükdə İran dövləti və İran xalqı zərər görəcək.
Bu proseslərdə diqqət çəkən əsas məqamlardan biri də İran azərbaycanlılarının etiraz aksiyalarında kütləvi şəkildə iştirak etməməsidir. Ayrı-ayrı şəhərlərdə etirazların ifadə olunmasına baxmayaraq, azərbaycanlıların silahlı toqquşmalarda aktiv iştirak etməməsi rasional və düzgün mövqe kimi qiymətləndirilə bilər. Çünki qarşı tərəf silahlıdır və dinc əhalinin, xüsusilə də azərbaycanlıların silahlı rejim qüvvələri ilə üz-üzə gəlməsi böyük itkilərlə nəticələnə bilər".
Müsahibimiz xatırladıb ki, tarixdə dəfələrlə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib: "XX əsrdə azərbaycanlılar ən azı dörd dəfə etirazların, üsyanların və inqilabi proseslərin önündə yer alıblar və hər dəfə ağır itkilər verərək nəticədə daha da hüquqsuz vəziyyətə salınıblar. Bu səbəbdən hazırkı mərhələdə hadisələri daha ehtiyatla izləmək mövqeyi başadüşüləndir.
İran daxilində vəziyyət son dərəcə kritikdir. Sanksiyalar fonunda ölkə əhalisinin sosial-iqtisadi durumu kəskin şəkildə pisləşib. İran rialının tarixində görünməmiş dərəcədə dəyər itirməsi əhalini yoxsulluq və səfalət həddinə çatdırıb. Bu şəraitdə cəmiyyətin müqavimətdən başqa real alternativinin qalmadığı aydın görünür.
Bu gün İranda varlılarla kasıblar arasında dərin sosial uçurum yaranıb. Hətta paytaxt Tehranın özündə belə şəhər faktiki olaraq iki hissəyə bölünüb: bəzi ərazilərdə həyat normal axarında davam edir, digər hissələrdə isə etirazlar səngimir. Oxşar vəziyyət fars şəhərlərində, eləcə də bəlucların, kürdlərin yaşadığı bölgələrdə də müşahidə olunur.
Bununla yanaşı, İranın illərdir regiondakı proksi qüvvələrə milyardlarla dollar xərcləməsi dövlətin iqtisadi və siyasi imkanlarını ciddi şəkildə zəiflədib. Son iki ildə İranla Suriya arasında maliyyə mübahisəsi də dərinləşib. İran Bəşər Əsəd dövründə Suriyaya təxminən 30 milyard dollar dəstək verdiyini bildirərək bu vəsaitin geri qaytarılmasını tələb edir. Lakin Suriyada yeni hakimiyyət İranın vətəndaş müharibəsindəki roluna görə əksinə, kompensasiya tələb edəcəyini açıqlayıb və borcu ödəməkdən imtina edir. Bu da iki ölkə arasında yeni gərginlik riskləri yaradır
Eyni zamanda diqqətçəkən məqamlardan biri də İranın ölkə əhalisini normal içməli su ilə təmin edə bilmədiyi halda, 2025-ci ildə proksi qüvvələrə, o cümlədən “Hizbullah”a təxminən 1 milyard dollar vəsait ayırmasıdır. Bu vəziyyət cəmiyyətdə haqlı suallar doğurur: əgər ölkə böhran içindədirsə, bu qədər vəsait niyə xaricdəki silahlı qruplara xərclənir?"
Siyasi şərhçi ölkə daxilində müxtəlif etnik qrupların yaşadığı bölgələrdə silahlanmanın artması gələcəkdə vətəndaş müharibəsi riskini də artırdığını qeyd edib:
"Bütün bunlar onu göstərir ki, İranı daxildən sarsıtmaq, hakimiyyəti zəiflətmək və ölkəni Suriyaya bənzər xaotik vəziyyətə sürükləmək istəyən qüvvələr də mövcuddur. Hər halda, Tehran üçün geri sayım başlayıb və düzgün qərar vermək üçün zaman çox məhduddur. Fürsətin itirilməsi ölkəni fəlakətli ssenari ilə üz-üzə qoya bilər. Azərbaycan dövləti və Azərbaycan xalqı isə milyonlarla azərbaycanlının yaşadığı İranda belə faciələrin baş verməsində maraqlı deyil. Əksinə, problemlərin dinc, sivil və dialoq yolu ilə həll olunmasını arzulayır və dəstəkləyir".
09:18 06.01.2026
Oxunuş sayı: 3997