HƏMAS Məhəmməd Sinvarın öldüyünü təsdiqlədi
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında təşkilatın hərbi qanadına rəhbərlik edən Məhəmməd Sinvarın öldüyünü rəsmi şəkildə təsdiqləyib.
Crossmedia.az xəbər verir ki,hərəkatın yaydığı açıqlamada bildirilib ki, Məhəmməd Sinvar İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində həlak olub. Onun hansı tarixdə və hansı şəraitdə öldüyü ilə bağlı əlavə detallar açıqlanmayıb.
Məhəmməd Sinvar HƏMAS-ın hərbi strukturlarında əsas fiqurlardan biri hesab olunurdu və Qəzzada silahlı qanadın əməliyyat fəaliyyətinə rəhbərlik edirdi. Onun ölümü bölgədə davam edən qarşıdurmalar fonunda HƏMAS üçün ciddi itki kimi qiymətləndirilir.
İsrail tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Qəzza zolağında vəziyyət gərgin olaraq qalır, qarşılıqlı hücumlar və itkilər barədə məlumatlar davamlı şəkildə yenilənir.
Nastya Qəniyeva
18:56 29.12.2025
Oxunuş sayı: 3411