Qafqazda sülh yalnız regional deyil, qlobal miqyasda bütün dünya üçün zəruri bir amildir- RƏY
Azərbaycan–ABŞ münasibətlərində son illər müşahidə olunan durğunluq mərhələsinin arxada qalmaqda olduğu 2025-ci ilin yekunları fonunda daha aydın görünməyə başlayır. Rəsmi Bakının qiymətləndirməsinə görə, ikitərəfli əlaqələrdə yeni dinamikanın formalaşması üçün real imkanlar yaranıb və tərəflər əməkdaşlığın bərpası və genişləndirilməsi istiqamətində müsbət mərhələyə qədəm qoyur.
Xarici işlər naziri Ceyhun Bayramovun açıqlamaları göstərir ki, ABŞ-də baş verən siyasi dəyişikliklər fonunda Bakı münasibətlərin gələcəyinə nikbin yanaşır və qarşıdakı dövrdə əməkdaşlığın yalnız regional deyil, həm də qlobal müstəvidə qarşılıqlı fayda gətirəcəyinə ümid edir. Eyni zamanda rəsmi mövqe onu da ortaya qoyur ki, əvvəlki administrasiya dövründə itirilmiş imkanların bərpası artıq gündəmdədir və Azərbaycan–ABŞ münasibətləri yeni mərhələyə keçid astanasındadır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Azərbaycanla ABŞ arasında münasibətlərdə müsbət dinamika müşahidə olunmaqdadır. Avqust ayında Azərbaycan Prezidenti İlham Əliyevlə Ağ Ev rəhbəri Donald Tramp arasında keçirilən görüş ölkəmizin 25–30 il ərzində torpaqlarının işğal altında qalması, eləcə də Azərbaycana qarşı formalaşdırılmış mənfi rəy və yanaşmaların açıq şəkildə səsləndirilməsi Azərbaycan ictimaiyyəti üçün bir çox məqamları aydınlaşdırdı. Bu görüş nəticəsində bizə qarşı yönəlmiş bəzi qanunların, tətbiq edilmiş embarqoların və yayılan yanlış informasiyaların həqiqətə uyğun olmadığı bir daha ortaya çıxdı. Azərbaycan həqiqətlərinin ABŞ prezidenti tərəfindən də öyrənilməsi iki ölkə arasında münasibətlərin müsbət istiqamətdə inkişafına, qarşılıqlı anlaşma və əməkdaşlıq xarakterinin güclənməsinə səbəb olmuşdur. Bu amil hazırda mövcud vəziyyətimizin formalaşmasında mühüm rol oynayıb.Bu kontekstdə dəmir yolu xətlərinin açılması və bu təşəbbüsün “Tramp yolu” adlandırılması təsadüfi deyil. Bu, ilk növbədə bölgədə və xüsusilə Cənubi Qafqazda sülhün bərqərar olunmasına xidmət edir. Qafqazda sülh isə yalnız regional deyil, qlobal miqyasda bütün dünya üçün zəruri bir amildir".
Deputat, həmçinin ABŞ-nin bu reallığı anladığını və ətraf türk dövlətlərinin də bunu dərk etdiyini bildirib: "Lakin bəzi ölkələr bu prosesdən narahatdırlar. Çünki həmin dövlətlər mövcud geosiyasi və iqtisadi təsir dairələrini, bazar paylarını bölüşdürmək istəmirlər. Azərbaycanın artan strateji əhəmiyyəti, regionda əsas tranzit və siyasi mərkəzə çevrilməsi bəzi qüvvələrin narazılığına səbəb olur. Məhz buna görə də müəyyən dairələr tərəfindən Azərbaycana qarşı qərəzli mövqelər sərgilənir və bu siyasət davam etdirilir. Bununla belə, bu gün Azərbaycanla ABŞ arasında mövcud olan münasibətlərin səviyyəsi son onilliklərdə, hətta demək olar ki, ötən əsrdə belə bu qədər yaxın olmamışdır. Mən özüm də bunun bilavasitə şahidi olmuşam. Bildiyiniz kimi, əvvəlki dövrlərdə ABŞ-də olmuşam və orada keçirilən bir sıra görüşlərdə iştirak etmişəm. Həmin görüşlər zamanı da ABŞ ilə Azərbaycan arasında isti, səmimi və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin getdikcə möhkəmləndiyini aydın şəkildə müşahidə etmək mümkün idi".
Elmir Heydərli
13:40 29.12.2025
Oxunuş sayı: 12599