SDQ Suriyada ciddi təhlükə və problemlər yaradan bir silahlı qüvvə kimi çıxış edir - Açıqlama
Yaxın Şərqdə uzun illərdir davam edən mürəkkəb hərbi-siyasi proseslər fonunda Suriyada yeni güc balansının formalaşmasına təsir göstərə biləcək mühüm razılaşmanın elan olunacağı gözlənilir. ABŞ-ın fəal vasitəçiliyi və təzyiqi ilə Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında hərbi razılaşmanın əldə olunması istiqamətində danışıqlar yekun mərhələyə qədəm qoyub.
Bu proses Suriyada mərkəzi hakimiyyətlə qeyri-dövlət silahlı strukturları arasında münasibətlərin tənzimlənməsi baxımından ciddi dönüş nöqtəsi kimi qiymətləndirilir.
Məlumatlara görə, Vaşinqtonun təşəbbüsü ilə tərəflər arasında razılaşmanın yeni il ərəfəsində elan olunması planlaşdırılır ki, bu da ABŞ-ın Suriyada təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılmasında maraqlı olduğunu göstərir. Sözügedən sazişin əsas məqsədi ölkənin şimal və şərq bölgələrində fəaliyyət göstərən SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyasını təmin etməklə hərbi idarəetmədə vahid mexanizmin yaradılmasıdır.
Razılaşma çərçivəsində SDQ-nin Suriya ordusuna və Daxili Təhlükəsizlik Qüvvələrinə mərhələli şəkildə daxil edilməsi, eyni zamanda Raqqa, Deyr əz-Zor və Hasaka kimi strateji əhəmiyyətə malik bölgələrdə Müdafiə Nazirliyinə tabe olacaq ayrıca hərbi diviziyaların formalaşdırılması nəzərdə tutulur. Bu addım Suriyada mərkəzləşmiş təhlükəsizlik sisteminin qurulması və ölkənin ərazi bütövlüyünün möhkəmləndirilməsi istiqamətində atılan ən ciddi addımlardan biri kimi dəyərləndirilir.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"SDK, yəni Suriya Demokratik Qüvvələri adlanan struktur Suriyada ciddi təhlükə və problemlər yaradan bir silahlı qüvvə kimi çıxış edir. Bu qurum faktiki olaraq PKK-nın Suriya qolu hesab olunur və terror təşkilatı kimi tanınır. SDK silah gücü hesabına Suriya ərazisinin müəyyən hissələrini nəzarətə götürmüş və həmin ərazilərdə əvvəlcə “kürd dövləti” yaratmaq iddiası ilə çıxış etmişdir.
Lakin zamanla bu iddianın reallaşmasının mümkün olmadığı, xüsusilə də Türkiyənin buna heç bir halda imkan verməyəcəyi aydınlaşdı. Bu səbəbdən təşkilat mövqeyini müəyyən qədər dəyişərək, hazırda kürd muxtariyyəti ideyasını önə sürməyə çalışır. Bununla belə, həm Suriya dövləti, həm Türkiyə, həm də bir sıra aparıcı beynəlxalq aktorlar Suriyanın parçalanmasına və ya unitar idarəçilik sisteminin dəyişdirilməsinə qəti şəkildə qarşı çıxırlar.
Türkiyə öz sərhədləri yaxınlığında terrorçu bir qurumun dövlət və ya dövlət strukturları formalaşdırmasına heç bir halda razılıq vermək niyyətində deyil. Məhz bu səbəbdən son dövrlərdə Türkiyə Silahlı Qüvvələrinin SDK-ya qarşı hərbi zərbələri nəzərəçarpacaq dərəcədə artmışdır. Paralel olaraq Suriyanın müvəqqəti hökuməti də SDK rəhbərliyindən təşkilatın bir hissəsinin buraxılmasını, tərksilah olunmasını, digər bir hissəsinin isə Suriya ordusunun tərkibinə inteqrasiya edilməsini tələb edir.
Hazırda əsas danışıqlar məhz bu istiqamətdə aparılır. Bir neçə gün öncə isə Suriya ordusu PKK-nın Suriya qolu hesab edilən SDK-ya qarşı hərbi əməliyyatlara başlamışdır. Bu mənada, terror təşkilatının ciddi şəkildə küncə sıxışdırıldığı və tələblərlə razılaşmaqdan başqa real çıxış yolunun qalmadığı təəssüratı yaranır. Lakin əsas məsələ təzyiqlərin hansı səviyyədə və hansı sürətlə artırılacağı ilə bağlıdır".
Politoloq, həmçinin ABŞ-nin uzun müddət SDK-nı Suriyada özünün əsas müttəfiqi kimi görmüş, bu qurumu həm silahlandırmış, həm də hərbi təlimlərlə dəstəkləmiş olduğunu bildirib:
"Əgər ABŞ bu təşkilatdan birmənalı şəkildə imtina edər və himayədən çəkildiyini real addımlarla təsdiqləyərsə, SDK-nın tərksilah edilməsi və sıradan çıxarılması prosesi daha qısa müddətdə baş verə bilər.
Ancaq hazırkı mərhələdə danışıqların uzanması ehtimalı da qalmaqdadır. Çünki bəzi xarici dövlətlər bu terror təşkilatına hələ də müxtəlif formalarda dəstək verməkdə davam edir və Suriyada gərginliyin yenidən artmasında maraqlı olduqlarını gizlətmirlər.
Bu baxımdan demək olar ki, mövcud danışıqlar prosesinin hələ müəyyən müddət davam etməsi ehtimalı kifayət qədər yüksəkdir".
Elmir Heydərli
19:33 26.12.2025
Oxunuş sayı: 1522