Deputat: Müşfiqabaddakı binaların bir neçə günə istiliklə təchizatı təmin ediləcək
“Təmsil etdiyim seçki dairəsi üzrə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən binaların istilik təchizatı ilə əlaqədar bir məlumatı diqqətinizə çatdırmaq istərdim. Belə ki, bu qəsəbədəki yaşayış binalarını istiliklə təmin edən qazanxananı qazla təchiz edən, Bakı-Şamaxı yolunun kənarında yerləşən 800 metrə yaxın qaz xəttinin yenidən çəkilməsi zərurəti yaranmışdır və bu səbəbdən, təxminən bir ay olar ki, binaların qızdırılmasına başlanması mümkün olmamışdır”.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zaur Şükürov plenar iclasda çıxışında deyib.
“Sözügedən problemlə əlaqədar məlumat əldə ediləndən dərhal sonra tərəfimizdən “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi ilə davamlı telefon əlaqəsi yaradılmış və məsələnin həlli istiqamətində lazımi dəstək göstərilməsi xahiş edilmişdir. Həmçinin digər aidiyyəti qurumlarımıza müvafiq məktublar ünvanlanmışdır.
Eyni zamanda, məsələ ilə əlaqədar təşəbbüsümüzlə 18 dekabr tarixdə həmin binaların 150-yə yaxın sakinləri ilə görüşümüz baş tutmuşdur.Bu məsələnin işıqlandırılması üçün İctimai televiziyanın əməkdaşları da əvvəlki günlərdə qəsəbədə olmuşlar. Təqdirəlayiq haldır ki, “Azəriqaz” İstehsalat Birliyi bu məsələdə son dərəcə məsuliyyətli və operativ davranmış, işçi qüvvəsi maksimum səfərbər edilmiş və nəticədə həmin qaz xəttinin çəkilməsi artıq yekunlaşmaq üzrədir. Ümid edirik ki, bir-iki günə Azəristiliktəchizat tərəfindən binaların istiliklə təchizatı təmin ediləcək. Həmçinin gələcəkdə belə halların baş verməməsi üçün, istilik sisteminin qış mövsümünə hazırlığının öncədən yoxlanılması məsələsinin aidiyyəti yerli qurumlarımız tərəfindən davamlı şəkildə diqqətdə saxlanılmasının zəruriliyini vurğulamaq istərdim”, - o bildirib.
13:43 26.12.2025
Oxunuş sayı: 4336