Makrona daha bir ŞOK: Əlcəzairdən Fransaya soyqırımı iddiası
Əlcəzair Xalq Milli Assambleyasında Fransanın XIX–XX əsrlərdə ölkədə apardığı müstəmləkəçilik siyasətinin cinayət kimi tanınmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunur. Layihə Fransanın 1830–1962-ci illərdə Əlcəzairə qarşı həyata keçirdiyi işğalın və onun ağır nəticələrinin hüquqi-siyasi qiymətləndirilməsini hədəfləyir. Sənəddə məhkəməsiz edamlar, işgəncələr, zorakılıq halları, eləcə də Əlcəzair səhrasında aparılan nüvə sınaqları cinayət faktları kimi qeyd olunur. Qanun layihəsinin qəbulunun Fransa ilə münasibətlərdə mövcud gərginlik fonunda tarixi ədalətin bərpası baxımından mühüm addım olduğu vurğulanır.

Bu barədə Crossmedia.az-a açıqlama verən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Şölət Zeynalovun sözlərinə görə, Fransanın 1830-cu illərdən XX əsrin 60-cı illərinə kimi Əlcəzair xalqına qarşı həyata keçirdiyi qətliamları, qeyri-qanuni məhkəməsiz ölüm hökmünün çıxarılması, edamlar, qadağan olunmuş silahlardan dinc əhaliyə qarşı istifadə, insan oğurlanması və digər qətliamları gündəmə çıxarılır:
“Bu hal Fransa–Əlcəzair tərəfləri arasında münasibətləri daha da kəskinləşdirə bilər. Qanun lahiyəsinin 2025-ci ilin dekabrın 24-də qəbul edilməsi gözlənilir və bu da əslində 1997-ci ildən bəri Əlcəzair parlamentində ilk hal kimi qiymətləndirilir. Bu iki ölkə arasında siyasi gərginliyin daha da artması böhran vəziyyətinə gətirib çıxara bilər. Təqdim olunan lahiyənin müəllifləri qeyd edir ki, Fransa həmin tarixlər arasında baş verən törətdiyi cinayətlərə əslində tarixi məsuliyyət daşıyır. Lakin parlamentin spikeri məntiqli bir çıxış edib. İbrahim Buğalı öz açıqlamasında qeyd edib ki, əslində bu lahiyə Fransız xalqına qarşı yox, tarixi ədalətin bərpası istiqamətində irəli sürülən bir istəkdir. Bu qanun lahiyəsində 30 növ cinayət müəyyənləşdirilir və bu qətliamlar üçün ədalətli qiymət tələb olunur”.
Ş. Zeynalov hətta Fransanın Əlcəzairdə törətdiyi vəhşiliklərə bu lahiyədə haqq qazandırmaq təşəbbüsündə olanlara qarşı 5 ildən 10 ilə qədər həbs cəzasının istənildiyini deyib:
“XVIII və XIX əsr dünya tarixində müstəmləkəçilik əsri kimi xarakterizə olunsa da, bu əsrdə Fransanın Afrika qitəsində, xüsusilə Əlcəzairdə törətdiyi qətliamlar daha qorxuludur. Məsələn, 1945-ci il 8 may tarixində Əlcəzairin 3 şəhərində baş verən qətliamlar bu qırğınların tarixdə danılması faktını qeyri-mümkün edir. Həmin hadisələrdə həmin şəhərlərin mərkəzində müstəqillik məqsədi ilə keçirilən dinc nümayişlər zamanı Fransız ordusu tərəfindən vəhşicəsinə yatırıldı. Bu zaman 10 minlərlə dinc vətəndaş qətlə yetirilib”.
Politoloq Əlcəzair parlamentində müzakirə olunan lahiyənin gec-tez qəbul oluna biləcəyini hesab edir:
“Azərbaycan Respublikasının iqlim dəyişikliyi konvensiyası çərçivəsində həyata keçirdiyi təşəbbüslər zamanı Avropanın bir sıra ölkələri, xüsusilə də Makron höküməti olmaqla Azərbaycana qarşı ciddi hücumlara keçmişdilər”.
Fatimə Məmmədova
09:52 25.12.2025
Oxunuş sayı: 5621