Bayram ərəfəsində yenə bahalaşma olacaq: Alıcıları hansı "sürprizlər" gözləyir?
Adətən bayram ərəfələrində
müxləlif ərzaq məhsullarında bahalaşma müşahidə olunur. Qiymətlərn artması
əhalinə narahat edən tendensiyaya çevrilsə də, insanlar süfrələrini boş qolmaq
istəmirlər.
Yeni il bayramına sayılı günlərin qaldığı bir vaxtda növbəti bahalaşma dalğası gözlənilir.

Bu barədə Crossmedia.az-a danışan AR Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva deyib ki, bayram ərəfələrində ənənəvi olaraq tələb çoxalan məhsullarda qiymət artımı daha çox müşahidə edilir: “Bu, yola salmaqda olduğumuz 2025-ci il üçün də keçərlidir. Əsasən ət və ət məhsulları, toyuq əti və yumurta, un və un məmulatları -baxmayaraq ki, çörəyin qiymətində artım olmasa da, digər məmulatlarda artım var- şəkər və qənnadı məhsulları, yağlar, o cümlədən kərə yağı, bitki yağları, düyü, makaron, paxlalılar, meyvə-tərəvəz, quru meyvələr və çərəzlərdə artım müşahidə edilmişdir. Bu artımların səbəbləri arasında mövsümi tələb, logistika xərcləri, idxaldan asılılıq, inhisarçılıq və bəzi hallarda süni qiymət artımı dayanır. Süni qiymət artımının qarşısının alınması üçün dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi mütəmadi olaraq reydlər və yoxlamalar aparır. Böyük ticarət şəbəkələrində qiymət monitorinqləri keçirilir, sahibkarlara xəbərdarlıq edilir. Vətəndaşların qaynar xətlər vasitəsilə şikayətlərini bildirmək imkanı var. Lakin, etiraf edək ki, bu tədbirlər də qiymət artımının qarşısını ala bilmir. Çünkü, bazar iqtisadiyyatı şəraitində dövlət yalnız süni və əsassız artımlara müdaxilə edə bilir. Bazar iqtisadiyyatında qiymət tənzimlənməsi daha çox tələb təklif prinsipi əsasında olur. Ümumiyyətlə, qiymətlərin yüksəlməsində inhisarçılıq amili, əlverişli biznes mühitinin olmaması, idxaldan asılılıq və s. amillər mühüm rol oynayır. Qiymət artımlarının qarşısını almaq üçün idxaldan asılılığın azaldılması, daxili istehsalın (xüsusilə ərzaq məhsulları üzrə) və biznes mühitinin əlverişliyinin artırılması, rəqabət mühitinin yaradılması, inhisarçılığın aradan qaldırılması və s. istiqamətlərdə tədbirlər görülməlidir”.
Fatimə Nəzərli
10:43 19.12.2025
Oxunuş sayı: 2343