İran–Ermənistan: Enerji mübadiləsinin genişləndirilməsi üzrə razılıq əldə edilib
İran və Ermənistan yaxın il üçün enerji mübadiləsinin artırılması barədə razılığa gəlib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tərəflər elektrik şəbəkələrinin istismarı üzrə birgə komitənin İrəvanda keçirilən beşinci iclasında müzakirələr aparıblar.
İran Elektrik Şəbəkəsinin İdarəetmə Şirkətinin rəhbəri Ərdəşir Məzkuri ilə Ermənistan tərəfdən Narek Apitunyan əməkdaşlığın əsas istiqamətlərini – elektrik mübadiləsi, qaz–elektrik barteri, ötürücü xətlərin birgə istismarı və texniki infrastrukturun yenilənməsini qiymətləndiriblər.
Görüşdə gələn il elektrik idxalının artırılması, habelə əməliyyat protokollarının yenilənməsi razılaşdırılıb. İran nümayəndə heyəti həmçinin Ermənistanın Elektrik Şəbəkəsinin Milli İdarəetmə Mərkəzinə və İrəvan İstilik Elektrik Stansiyasına baxış keçirib.
Tərəflər qeyd ediblər ki, enerji mübadiləsinin davamlı olması üçün mövcud maksimal gücdən tam istifadə vacibdir. Tikintisi davam edən 400 kV-luq üçüncü elektrik ötürücü xəttinin sürətlə tamamlanması da xüsusi vurğulanıb.
20:24 12.12.2025
Oxunuş sayı: 1191