Yaxın Şərqdə yeni dinamika: Livanla İsrail arasında əlaqələr inkişaf edir - MÜSAHİBƏ
Livan və İsrail nümayəndə heyətləri dekabrın 3-də Ras-ən-Naqurada keçirilən danışıqlar zamanı sərhəd bölgələrində gələcək iqtisadi əməkdaşlıqla bağlı ideyalarla ilk dəfə olaraq mübadilə ediblər.
Bu barədə LBCI telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Beyrutda ABŞ və Fransanın himayəsi altında Livan–İsrail sərhədində atəşkəsə nəzarət komitəsinin iclası çərçivəsində İsrail tərəfi ilə təmasların nəticələri mükəmməl adlandırılıb.
Görüşün birinci hissəsi hərbi məsələlərə həsr olunub. Litani çayının cənubunda yerləşdirilmiş qoşunların komandanı, briqada generalı Nikolas Tabet bildirib ki, Livan ordusu cənub bölgəsində öz missiyasının 80 faizini yerinə yetirib. O vurğulayıb ki, hərbi komandanlıq ilin sonuna qədər silahsızlaşdırma prosesinin başa çatdırılması üçün komitə tərəfindən müəyyən edilmiş son müddətin uzadılmasını tələb etmək niyyətində deyil. Onun sözlərinə görə, Livan hərbçiləri hazırda sərhəd boyunca 200 mövqedə yerləşib, 177 tuneli yoxlayıblar və 566 raket qurğusunu müsadirə ediblər.
Görüşün ikinci hissəsində Livan və İsrail mülki ekspertləri arasında ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqusun iştirakı ilə birbaşa danışıqlar aparılıb. Telekanalın məlumatına görə, danışıqlarda "Hizbullah" radikal təşkilatının silahsızlaşdırılması və İsrailin Livana hava zərbələri endirməsi məsələləri müzakirə edilib. Xüsusi diqqət qonşu ölkələr arasında cənub bölgələrində iqtisadi əməkdaşlıq imkanlarına yönəldilib.
Baş verənlər barədə politoloq, professor Əlimusa İbrahimov Crossmedia.az-ın suallarını cavablandırıb.

- Ras-ən-Naqurada keçirilən son görüşü ümumi olaraq necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, Ras-ən-Naqurada keçirilən görüşü müsbət adlandırmaq mümkündür. Çünki burada ilk dəfə İsrail və Livan arasında hərbi məsələlər yox, məhz iqtisadi məsələlər müzakirə olunub. Bu vaxta qədər İsraillə Livan arasında yalnız Hizbullahın silahsızlaşdırılması mövzusu gündəmdə idi və məlum olduğu, kimi bu istiqamətdə hələ də ciddi nəticəyə gəlmək mümkün olmayıb. Yəni nə Livan, nə də İsrail Hizbullahı tam silahsızlaşdırmağa nail ola bilib. Problem isə hələ də öz aktuallığını qoruyur. Bu görüşün uğur qazanmasına mane olacaq əsas məsələ də məhz Hizbullahın silahsızlaşdırılmaması faktorudur. Bildiyimiz kimi, ABŞ, İsrail və digər dövlətlərin təzyiqlərinə baxmayaraq Livan hələ də Hizbullahı tam silahsızlaşdırmaqda çətinlik çəkir, baxmayaraq ki, burada müəyyən irəliləyişlər əldə olunub.
- Görüşdə Hizbullahın silahsızlaşdırılması müzakirə edilib. Bu məsələ real olaraq hansı mərhələyə qədər irəliləyə bilər?
- Təbii ki, görüşdə təkcə iqtisadi məsələlər deyil, Hizbullahın silahsızlaşdırılması məsələsi də müzakirə olunub. Məhz bu görüşdə Livan dövlətinin nümayəndələri və hərbi rəsmiləri Hizbullahın silahsızlaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumat veriblər. Lakin silahsızlaşdırma prosesinin lazımi səviyyədə getmədiyi bildirilib. Buna səbəb ABŞ tərəfindən müəyyən edilən müddətin başa çatmasına baxmayaraq Livanda mövcud olan Hizbullah dəstələrinin hələ də silahsızlaşdırılmamasıdır.
- Livan və İsrail nümayəndə heyətlərinin ilk dəfə iqtisadi ideyalar mübadilə etməsi nə deməkdir? Bu, yeni dövrün başlanğıcı ola bilərmi?
- Əlbəttə ki, bu görüşü yeni münasibətlərin yaranması kimi qiymətləndirmək olar. Çünki qeyd etdiyim kimi, bu dəfə söhbət iqtisadi məsələlərdən gedir. Bundan sonra Livanla İsrail arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində müəyyən addımların atılacağı gözlənilir. Bu, həm də onu deməyə əsas verir ki, bu vaxta qədər İsrail Livanı əsasən təhdid edirdi. Lakin görünür ki, sərt güc elementləri ilə ciddi nəticə əldə etməyin mümkün olmadığını görən İsrail artıq yumşaq güc strategiyasına keçid edir. Şübhəsiz ki, İsrail Livana müəyyən iqtisadi dividendlər vəd edir. Çünki iki ölkə arasında münasibətlərin inkişafı həm iqtisadi nailiyyətlər gətirə, həm də uzun illərdir problemlərlə üzləşən Livan iqtisadiyyatı üçün yeni imkanlar yarada bilər. Bu iqtisadi müzakirələr Livan–İsrail münasibətlərinin normallaşmasına yardım edəcək və region üçün müsbət tendensiyalar formalaşdıracaq. Bununla belə, İsrailin Livana qarşı təzyiq mexanizmlərindən qismən də olsa imtina edəcəyi gözlənilir ki, bu da ümumilikdə regionun xeyrinədir.
- İki ölkə arasında iqtisadi əməkdaşlığın başlanması regional təhlükəsizliyə müsbət təsir göstərə bilərmi?
- Məlum olduğu kimi, İsrailin Suriya və İraqla da müəyyən problemləri mövcud idi. Görünən budur ki, İsrail artıq bu məsələləri də dinc şəkildə həll etmək istiqamətində addımlar atır. Heç şübhəsiz, Livanla münasibətlərin iqtisadi müstəviyə keçirilməsi digər ölkələrlə də münasibətlərin inkişafına təkan verə bilər. Bu isə ümumi regionun maraqlarına uyğun bir proses kimi qiymətləndirilir.
- Atəşkəs komitəsinin işi yaxın perspektivdə daha hansı real nəticələr verə bilər?
- Bilindiyi kimi, Atəşkəs Komitəsi fəaliyyət göstərir və bu komitə Hizbullah qüvvələrinin silahsızlaşdırılması ilə məşğuldur. Düşünürəm ki, Livan hökuməti Hizbullahın silahsızlaşdırılması ilə tək başına məşğul olmur. Burada ABŞ, Fransa və digər dövlətlər də həm Livan hökumətinə, həm də Atəşkəs Komitəsinə bu istiqamətdə yardım edirlər. Şübhəsiz ki, sülh istiqamətində atılan addımlar real nəticə verəcək, lakin bu nəticələrin dərhal görünməsi mümkün deyil. Real nəticələrin əldə olunması üçün müəyyən vaxt tələb olunur və prosesin dözümlülük tələb etdiyi qeyd edilir.
Fatimə Hacıəliyeva
12:36 04.12.2025
Oxunuş sayı: 2336