Xoşbəxt ya zor yolu ilə evlilik? - Ekspertlər danışdı
Goranboy rayonunda yetkinlik yaşına çatmayan bir qızın nişanlandırılması ilə bağlı ortaya çıxan son hadisə ölkədə erkən nikahlarla mübarizə məsələsini yenidən gündəmə gətirib. “Report”un Qərb bürosunun məlumatına əsasən, Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü, cəmi 17 yaşlı qız üçün nişan mərasiminin keçirildiyi barədə məlumat daxil olduqdan dərhal sonra rayon polis əməkdaşları operativ şəkildə tədbir görərək mərasimə müdaxilə ediblər.
Polis tərəfindən mərasimin qarşısı alınaraq həm qız, həm də oğlan tərəfindən valideynlər ərazi üzrə polis orqanına dəvət olunub. Onlarla aparılan profilaktik söhbətlər zamanı mövcud qanunvericilik tələbləri, erkən nikahın hüquqi nəticələri və belə halların həm azyaşlıların hüquqlarına, həm də cəmiyyətin sosial rifahına vurduğu zərər ətraflı şəkildə izah edilib.
Hadisə bir daha göstərir ki, erkən nikahların qarşısının alınması yalnız hüquq-mühafizə orqanlarının yox, bütövlükdə cəmiyyətin, ailələrin və ictimai institutların üzərinə düşən məsuliyyət tələb edən bir sahədir. Bu kimi müdaxilələr gələcəkdə oxşar halların qarşısının alınması, azyaşlıların hüquqlarının və sağlam inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Birinci növbədə bildirmək istəyirəm ki, Azərbaycanda erkən nikahlar qanunla qadağandır və nikah yaşı 18 olaraq müəyyən edilmişdir. Eyni zamanda, bu ilin iyul ayının 1-dən qüvvəyə minən qanunvericilik dəyişikliklərinə əsasən, yetkinlik yaşına çatmayan şəxsin evləndirilməsi, onun barəsində nişan və ya digər oxşar mərasimlərin keçirilməsi valideynlər üçün inzibati məsuliyyət yaradır. Belə hallara görə, 189-1-ci maddəyə əsasən, inzibati qaydada cərimə 1 000–1 500 manat təşkil edir və hətta inzibati həbs də tətbiq oluna bilər".
Hüquqşünas həmçinin Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, qadının nikaha məcbur edilməsi də qanunla qadağan olduğunu və cinayət məsuliyyəti nəzərdə tutulduğunu qeyd edib:
"Qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı pozuntular ilk və son olmayacaqdır. Vəzifəli şəxslər 3 000–4 000 manat, hüquqi şəxslər isə 5 000–6 000 manat cərimə oluna bilərlər. Üzrlü hesab edilməyən hallarda, hüquqi şəxslərə 6 000–9 000 manatadək cərimə tətbiq oluna bilər".
Bu barədə, həmçinin sosioloq Əhməd Rəhmanov da öz fikirlərini bildirib:

"Məsələ ondadır ki, əsasən erkən nikah Azərbaycan bölgələrində, xüsusilə maddi çətinlik yaşayan ailələrdə müşahidə olunur. Belə ailələr övladlarını tam şəkildə təhsil verə bilmir, uşaqlar oxuma imkanından məhrum qalır. Bu səbəbdən valideynlər düşünür ki, övladının gələcəyi maddi təminat baxımından təhlükədədir. Ona görə də erkən yaşda nikahı düşünür və əsasən maddi durumu müəyyən qədər sabit olan bir ailənin uşağı ilə evləndirməyə çalışır.
Əsas diqqət valideyn tərəfindən maddi təminata yönəlir, ailə quran şəxsin digər xüsusiyyətləri çox vaxt ikinci planda qalır. Bu şəxslərin çoxu Rusiyada və ya başqa yerlərdə işləyir, kiçik gəlirə malikdir. Yəni burada əsas prioritet maddiyyatdır".
Sosioloq, həmçinin valideynlərin övladını oxuda bilməməsi, gələcəyini təmin etməkdə çətinlik çəkməsindən evləndirmək üstün tutduğunu qeyd edib:
"Onlar düşünür ki, əgər qız 17–18 yaşına çatdıqdan sonra valideyn nəzarəti olmadan qalacaqsa, şəhərə gedib işləyə, hətta bəzi hallarda sosial baxımdan riskli davranışlar göstərə bilər. Bu səbəbdən valideyn ən yaxşı variant olaraq görür ki, qızın ayağını yerə basdıracaq, müəyyən sabitlik təmin edəcək bir şəxs tapıb onu ələ versin. Beləliklə, erkən nikahda əsas motivasiya maddi təminatdır, digər amillər isə çox vaxt ikinci planda qalır".
Elmir Heydərli
11:58 02.12.2025
Oxunuş sayı: 2052