NATO rəqəmsal müdafiənin gücləndirilməsində sənayenin rolunu vurğulayıb
NATO-nun Baş katibi Mark Rutte Brüsseldə keçirilən üçüncü NATO Bulud Konfransında Alyansın rəqəmsal müdafiəsinin möhkəmləndirilməsində sənayenin həlledici rol oynadığını bildirib. Tədbirdə NATO və tərəfdaş ölkələrdən hökumət, sənaye və akademik dairələri təmsil edən 500-dən çox nümayəndə iştirak edib.
M.Rutte artan qlobal təhdidlər fonunda daha sıx əməkdaşlığın zəruri olduğunu qeyd edərək, rəqiblərin süni intellekt və kvant hesablama sahəsində irəliləyişlərinə diqqət çəkib. O, üzv ölkələri bulud texnologiyalarının tətbiqini sürətləndirməyə çağırıb.
Baş katib NATO-nun Bulud və Edge hesablama siyasətinin və “Allied Software for Cloud and Edge Services (Project ACE)” təşəbbüsünün qətiyyətlə icrasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu addım məlumat mübadiləsini sürətləndirəcək və qərarvermə prosesini daha səmərəli edəcək.
Rusiya hücuları fonunda Ukraynanın bulud sistemlərinə sürətli keçid təcrübəsini nümunə göstərən M.Rutte, Haaqa Sammitində qəbul edilən qərarları da yada salıb. Xüsusilə 2035-ci ilədək ÜDM-in 5 faizinin hərbi xərclərə yönəldilməsi öhdəliyinin kibermüdafiə, süni intellekt və bulud texnologiyalarına investisiyaların artırılmasına geniş imkan yaratdığını bildirib.
Baş katib rəqəmsal suverenliklə bağlı narahatlıqlara toxunaraq, milli nəzarət ilə kollektiv imkanlar arasında düzgün balansın tapılmasının vacib olduğunu qeyd edib. O, bulud texnologiyaları və “edge computing”in sürət üstünlüyünün hərbi sahədə böyük fayda verdiyini, NATO daxilində daha dayanıqlı texnoloji infrastruktur və müttəfiqlər arasında gücləndirilmiş əməkdaşlığın zəruri olduğunu vurğulayıb.
08:44 25.11.2025
Oxunuş sayı: 1525