Azərbaycan Avstriya ilə Qlobal Dəniz Fəlakəti və Əmniyyətli Rabitə Sistemi üzrə əməkdaşlıq edəcək
Azərbaycan və Avstriya arasında Avtomatik İdentifikasiya Sistemi (AIS) və Qlobal Dəniz Fəlakəti və Əmniyyətli Rabitə Sistemi (GMDSS) üzrə əməkdaşlıq imkanları, eləcə də təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.
Crossmedia.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə (DDLA) istinadən xəbər verir.
Bildirilib ki, bu barədə razılıq Dövlət Dəniz və Liman Agentliyində Avstriyanın Türkiyə, Azərbaycan və Gürcüstan üzrə xarici iqtisadi əlaqələr nümayəndəsinin müavini Stefan Psota və "Frequentis AG" şirkətinin regional satış meneceri Pierpaolo Bettoni arasında keçirilən görüşdə əldə edilib.
DDLA-nın İdarə heyəti sədrinin müşaviri Habil Abbasov bildirib ki, bu cür görüşlər təkcə qurumlararası əməkdaşlığın genişlənməsinə deyil, həm də ölkələr arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da inkişafına mühüm töhfə verir.
Görüşdə dəniz üzgüçülüyünün təhlükəsizliyi, axtarış-xilasetmə fəaliyyəti, dəniz naviqasiya avadanlıqlarının istismarı, eləcə də Azərbaycanın ərazi sularında Gəmilərin Hərəkətini İdarəetmə Sistemi (VTS) ilə bağlı görülən işlər barədə məlumat verilib. Həmçinin DDLA-nın aidiyyəti dövlət qurumları ilə Xəzər dənizi üzrə koordinasiyalı fəaliyyəti diqqətə çatdırılıb.
Həmçinin Azərbaycanın "Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya"ya (IALA) qoşulması barədə məlumat verilib və VTS sistemlərinin beynəlxalq tələblərə uyğun yenilənməsi məsələləri müzakirə olunub. Nümayəndə heyəti bu sahədə müvafiq texniki ekspert dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Sonda nümayəndə heyəti DDLA-nın Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanış olub.
12:26 19.11.2025
Oxunuş sayı: 1022