Valideyn–uşaq münasibətlərində nəsillərarası uçurumun psixoloji tərəfləri - Psixoloq
Müasir dövrdə valideynlərlə uşaqlar arasında müşahidə olunan nəsillərarası fərqlər artıq sadəcə geyim və texnologiya seçimləri ilə məhdudlaşmır. Bu fərqlər düşüncə tərzində, emosional ünsiyyətdə və dəyərlərin formalaşmasında da özünü göstərir.
Psixoloq Aysu Həsənova bu məsələ ilə bağlı Crossmedia.az-a müsahibə verib.

– Aysu xanım, “nəsillərarası uçurum”
dedikdə nə başa düşülür və bu anlayış psixoloji baxımdan nəyi ifadə edir?
– Nəsillərarası uçurum (generation gap)
dedikdə, fərqli dövrlərdə böyümüş insanların — xüsusilə də valideynlə uşağın —
dünyaya baxışındakı, dəyərlərindəki və emosional davranışlarında müşahidə
olunan fərqlər nəzərdə tutulur. Psixoloji baxımdan bu, hər iki tərəfin həyat təcrübələrinin
və sosial mühitin fərqli olması ilə əlaqədardır. Uşaqlar müasir dünyanın sürətli
dəyişikliklərinə uyğunlaşmağa çalışır, valideynlər isə daha ənənəvi sistemdə
formalaşdıqları üçün bəzən bu tempə çatmaqda çətinlik çəkirlər.
– Bu uçurum valideyn–uşaq münasibətlərinə
necə təsir edir?
– Ən çox müşahidə olunan təsir, emosional
uzaqlaşmadır. Uşaqlar “anlaşılmadıqlarını”, valideynlər isə “dəyərlərinə hörmət
olunmadığını” hiss edirlər. Belə vəziyyətlərdə ünsiyyət pozulur, uşaqlarda
emosional təcrid, aqressiya və ya üsyankar davranışlar formalaşa bilər.
Valideynlər də öz növbəsində məyusluq, günahkarlıq hissi və bəzən nəzarəti daha
da sərtləşdirmək cəhdi ilə reaksiya verirlər.
– Bu problemin yaranmasına səbəb olan əsas
psixoloji faktorlar hansılardır?
– Bir neçə əsas faktor var. Birincisi,
emosional kommunikasiya çatışmazlığıdır — valideynlər çox vaxt uşağın hisslərinə
yox, davranışına fokuslanır. İkincisi, mədəni dəyişiklik sürəti — sosial media,
texnologiya və qlobal dəyərlər gənc nəsildə fərqli dünyagörüş yaradır. Üçüncüsü
isə rol modellərinin dəyişməsidir — əvvəllər ailə əsas sosial model idi, indi
isə gənclər üçün nümunə çox zaman sosial mediadan gəlir.
– Bu vəziyyətdə valideynlər nə edə bilər?
– Ən önəmlisi, müasir reallığı qəbul etmək
və uşağın hisslərini kiçiltməməkdir. Uşağın fikrini dəyişdirməkdən daha çox onu
başa düşmək, empatiya göstərmək lazımdır. Valideynin cəza və nəzarətə deyil,
ünsiyyətə yönəlməsi münasibətləri yaxınlaşdırır. Məsələn, “Sən bunu niyə
etdin?” yerinə “Bu vəziyyətdə nə hiss etdin?” sualı uşağı müdafiə mövqeyindən
çıxarır.
– Bəs uşaqlar bu fərqlə necə başa çıxa
bilərlər?
– Gənclər üçün ən vacib bacarıq emosional
özünüifadədir. Uşaqlar fikirlərini sakit və aydın şəkildə ifadə etməyi, həmçinin
valideynlərinin baxışını da dinləməyi öyrənməlidirlər. Unutmaq olmaz ki, nəsillərarası
fərqlər normaldır, lakin bu fərqi “divar”a çevirmək yox, “körpü”yə çevirmək
münasibətləri sağlam saxlayır.
– Sonda bu mövzu ilə bağlı əsas mesajınız
nə olardı?
– Hər bir valideyn və uşaq bilməlidir ki,
sevgi və anlayış nəsillərdən asılı deyil. Ünsiyyətin əsas məqsədi “haqlı olmaq”
yox, “başa düşülmək” olmalıdır. Əgər hər iki tərəf bir-birinin dünyasına hörmətlə
yanaşarsa, heç bir nəsil fərqi münasibətləri zədələyə bilməz.
17:21 17.11.2025
Oxunuş sayı: 959