Nəqliyyat eksperti: "Bu məsələdə kimisə bağışlamaq bir neçə insanın taleyi ilə oynamaq deməkdir"
Narkotik vasitələrin təsiri altında nəqliyyat vasitələrinin idarə olunması son illər yol təhlükəsizliyi sahəsində ən təhlükəli tendensiyalardan biri kimi diqqət çəkir. Bu cür hüquq pozuntuları təkcə sürücünün həyatını deyil, digər yol hərəkəti iştirakçılarının da təhlükəsizliyini ciddi risk altına qoyur. Son günlər paytaxtda qeydə alınan daha bir fakt bu problemin aktuallığını bir daha gündəmə gətirib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılan sürücü İlkin Qarayevin tibbi müayinədən sonra narkotik vasitə qəbul etdiyi təsdiqlənib və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub. Bu hadisə narkotik təsiri altında avtomobil idarə etmənin hüquqi və sosial nəticələrinin nə qədər ciddi olduğunu bir daha göstərir.
Crossmedia.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, narkotikin təsiri altında avtomobili idarə etmək yol təhlükəsizliyi baxımından ən ağır risklərdən biridir:
“Narkotikin təsiri altında avtomobili idarə etmək o qədər təhlükəlidir ki, bu vəziyyətin faizi və dərəcəsi yoxdur. Burada kimisə bağışlamaq, əfvetmə və ya günahından keçmək bir neçə insanın taleyi ilə oynamaq deməkdir. Narkotik təsiri altında sükan arxasına keçmək spirtli içkinin təsirindən də qat-qat pisdir. Çünki belə şəxslərin psixoloji durumu, tibbi vəziyyəti və sağlamlıq imkanları nəqliyyat vasitəsini təhlükəsiz idarə etməyə imkan vermir və ya bu imkanlar çox ciddi məhdudlaşır. Ona görə də bu hallara görə qanunların sərt olmasının tərəfdarıyam".
Ekspert hesab edir ki, problemin həlli yalnız inzibati cəzalarla məhdudlaşmamalıdır. Onun sözlərinə görə, ölkəyə narkotik vasitələrin daxil olmasının qarşısını almaq, həmçinin cəmiyyəti bu bəladan qorumaq üçün sistemli tədbirlər planı hazırlanmalıdır:
“Ölkəyə gətirilən narkotiklərin qarşısını almaq və cəmiyyəti bu bəladan xilas etmək üçün genişmiqyaslı tədbirlər planı olmalıdır. Bu, yalnız polisin və ya müəyyən qurumların işi deyil. Biz cəmiyyət olaraq buna hazır olmalı və proseslərin önündə getməliyik ki, ölkəmiz bu çirkabdan təmizlənsin".
Mehriban Yariyeva
16:09 17.11.2025
Oxunuş sayı: 1410