Israel National News: “Avrasiyanın nəbzi artıq türk həmrəyliyinin ritminə uyğun döyünür”
Prezident İlham Əliyevin bu yaxınlarda Qazaxıstana səfəri türk dünyasının özünəinamının artdığını təsdiqləyir. Onun rəhbərliyi altında Azərbaycan təkcə regional gücə deyil, eləcə də Xəzər dənizindən Aralıq dənizinə qədər Şərqlə Qərbi birləşdirən körpüyə çevrilib.
Crossmedia.az xəbər verir ki, dünyəvi idarəetmə, iqtisadi şəffaflıq və mədəni inklüzivliyin Azərbaycan modeli Orta Asiyada geniş əks-səda doğurur. Avrasiyanın nəbzi artıq türk həmrəyliyinin ritminə uyğun döyünür və bu ritm çox-çox uzaqlara, hətta Təl Əvivə qədər uzanır.
Bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham ölkəsinin populyar “Israel National News” nəşrində dərc olunan “Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri İsrailə necə təsir edir?” başlıqlı məqaləsində yazıb. Qeyd olunub ki, Azərbaycan Prezidentinin Qazaxıstana səfəri təkcə diplomatik uğur deyil, eləcə də Avrasiyanın gələcəyinin özünə güvənən və uzaqgörən siyasət yürüdən Azərbaycanın liderliyi ilə türk dünyasına bağlı olduğunun sübutudur.
Belə ki, Bakı ilə Astana arasında imzalanan və enerji, nəqliyyat, müdafiə və rəqəmsal rabitə sahələrini əhatə edən müqavilələr sözügedən transformasiyanı gücləndirir. Hər bir memorandum Türk Dövlətləri Təşkilatı kimi daha geniş çərçivələri tamamlayaraq regional etimada yeni töhfə verir.
İsrailin Azərbaycanı Qərb, İslam dünyası və Mərkəzi Asiya arasında etibarlı vasitəçi və mühüm strateji tərəfdaş kimi gördüyünü vurğulayan müəllif Qazaxıstanın bu müstəviyə daxil olmasının sözügedən əməkdaşlığı dərinləşdirdiyini və onu qarşılıqlı fayda üçbucağına çevirdiyini diqqətə çatdırıb. Habelə enerji təhlükəsizliyi, yüksək texnologiya və müdafiə sahəsində əməkdaşlığın bu genişlənən münasibətlərin təməlini təşkil etdiyi, mədəniyyətlər arasında qarşılıqlı hörmətin isə onun davamlılığının təminatı olduğu bildirilib. Qeyd olunub ki, İsrail üçün Azərbaycan və Qazaxıstanla bu üçtərəfli münasibət diplomatik etiketdən daha çox şey ifadə edir. Bu münasibətlər yəhudi dövləti üçün müsəlman dünyasında praqmatizm və ortaq strateji maraqlara əsaslanan daha geniş dialoq üçün platforma təqdim edir. Politoloqa görə vacib məqam odur ki, həm Bakı, həm də Astana ərəb dünyası ilə tərəfdaşlıq münasibətlərini davam etdirərkən Təl Əvivlə balanslı münasibətlər saxlayır.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
17:15 14.11.2025
Oxunuş sayı: 1045