Kişilər aliment ödəməlidirmi? - Mütəxəssislərdən fərqli yanaşma
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib ki, Azərbaycanda aliment ödəməli olan kişilərin sayı artıb.
Onun sözlərinə görə, son illərdə boşanmaların sayının artması yeni sosial problemlər yaradıb:
"Aliment ödəməli olan kişilərin sayında artım müşahidə edilir. Lakin alimentlərin ödənilməməsi qadınların və uşaqların rifahına birbaşa təsir edir və bu, artıq iqtisadi zorakılıq kimi qiymətləndirilə bilər. Dövlət Komitəsi olaraq, bu sahədə təhlillər aparmışıq. Yerli qurumların, xüsusilə bələdiyyələrin bu istiqamətdəki işinin daha da təkmilləşdirilməsini məqsədəuyğun sayırıq".
S. Qəhrəmanovanın dediklərindən belə qənaətə gəlmək olar ki, həm də boçanmalar artıb. Bu, ciddi sosial problemdir. Kişilərin aliment ödəməsi isə həm də iqtisadi dalğalanmalara səbəb ola bilir.

Bu barədə Crossmedia.az-a danışan sosioloq Elçin Bayramlının fikrincə, boşanmaların bir çox köklü səbəbləri var: "Əsas səbəb cəmiyyətdə dəyərlərin dəyişməsi, müasir azadlıq və sərbəstlik anlayışlarının ön plana çıxması, milli dəyərlərin isə arxa plana keçməsidir. İnsanların getdikcə daha çox eqoistləşməsi, yalnız öz maraqlarını düşünməsi də bu prosesə təsir göstərir. Sovet dövründə Azərbaycan cəmiyyəti möhkəm ailə quruluşuna malik idi və boşanmalar minimum səviyyədə olurdu. Lakin son illərdə bu istiqamətdə ciddi problemlər yaranıb. Birincisi, boşanmaların sayı sürətlə artıb. Cəmi 30 il ərzində dünyanın ən möhkəm ailə dəyərlərinə sahib xalqı bu sahədə son pillələrə düşüb. İkincisi, evliliklərin sayı iki dəfə azalıb. Ailə qurulmalarının azalması artıq sosial amillərlə bağlıdır. Buraya evsizlik, işsizlik, gəlir çatışmazlığı, yoxsulluq, gələcəyə inamsızlıq və ailə məsuliyyətini daşımaqdan çəkinmək kimi səbəblər daxildir. Bu isə artıq dövlət səviyyəsində həll edilməli problemdir. Hazırda ölkəmizdə bir uşaqlı ailə modeli üstünlük təşkil edir. Əgər insanlar sabit işə, normal gəlirə və mənzilə sahib olsalar, təbii ki, evlənməyə və ailə qurmağa meyilli olarlar. Lakin bu imkanlardan məhrum olanlar evlənməkdən çəkinirlər. Nəticədə həm evliliklərin, həm də doğum sayının azalması müşahidə olunur".
O bildirib ki, Sovet dövründə ildə təxminən 200 min uşaq doğulurdusa, hazırda bu rəqəm 100 minə düşüb — bu isə iki dəfə azalma deməkdir: "Bir çox ölkəfə bu problemin qarşısını almaq üçün sosial dəstək paketləri həyata keçirilir. Məsələn, Rusiya, Avropa ölkələri, ABŞ, Çin və Gürcüstanda uşağa görə aylıq müavinət, yüksək məbləğdə doğum haqqı, çoxuşaqlı ailələrə əlavə dövlət yardımları verilir. Bu tədbirlər ailənin və çoxuşaqlılığın qorunmasına xidmət edir. Təəssüf ki, Azərbaycanda bu cür geniş sosial dəstək mexanizmləri yoxdur. Buna görə də gənclər evlənməkdə çətinlik çəkir, evlənənlər isə maddi problemlər səbəbindən ailələrini dolandıra bilmir. Nəticədə bir və ya iki uşaqla kifayətlənirlər. Halbuki, bir millətin davamlılığını təmin etmək üçün hər ailə ən azı üç uşaq sahibi olmalıdır.
Bu problemin aradan qaldırılması üçün dövlət tərəfindən sosial dəstək paketi hazırlanmalıdır. Boşanmaların qarşısının alınması üçün isə xüsusi dövlət siyasəti həyata keçirilməlidir. Milli-mədəni dəyərlərimizin təbliği və qorunması vacibdir. Müasirlik adı altında yad dəyərlərin təbliği dayandırılmalıdır.
Bu istiqamətdə iki əsas tədbir görülməlidir. Birincisi, yad dəyərlərin təbliği dayandırılmalı. İkincisi, dövlət səviyyəsində sosial dəstək paketi həyata keçirilməlidir.
Hazırda üçuşaqlı ailə çoxuşaqlı ailə kimi qəbul edilir. Təklif olunur ki, üçuşaqlı ailələrə çoxuşaqlı statusu verilsin və onlar üçün xüsusi dövlət yardımları nəzərdə tutulsun. Əks halda, dövlət bu tədbirləri görməzsə, yaxın illərdə boşanmaların sayı daha da artacaq”.

İqtisadçı Akif Nəsirli isə söyləyib ki,
Azərbaycanda aliment məsələsi uzun illərdir ki, cəmiyyətdə ciddi sosial problemin əsas mənbəyinə çevrilib: "Bu gün boşanmaların artmasının əsas səbəblərindən biri də məhz bu məsələ ilə bağlıdır. Müasir dövrdə qadınlar daha çox azadlıq istəyir, kişilər isə ailə çərçivəsində müəyyən sərhədlər müəyyənləşdirməyə çalışır. Nəticədə tərəflər arasında ortaq məxrəc tapılmır. Qadın bilir ki, qanun və məhkəmə çox vaxt onun tərəfindədir və boşanma halında aliment alacaq. Bu da bəzi hallarda düşünülmədən boşanma qərarının verilməsinə səbəb olur və ümumilikdə boşanmaların sayının artmasına xidmət edir. Cəmiyyətdə gender bərabərliyi tez-tez müzakirə olunur. Lakin bu mövzuda kişilərin hüquqları çox zaman diqqətdən kənarda qalır. Boşanmadan sonra kişi həm yeni qurduğu ailəsini, həm də əvvəlki evlilikdən olan uşaqları maddi cəhətdən təmin etməyə məcbur olur. Nəticədə onun üzərinə ağır sosial və iqtisadi yük düşür. Müşahidələr göstərir ki, boşanmalar Azərbaycanda bir sıra sosial gərginliklərə yol açır. Bu vəziyyətdən çıxış yolu kimi hökumət tərəfindən aliment mexanizminin təkmilləşdirilməsi vacibdir. Hazırda atalı-analı ailələr üçün uşaqlara dövlət tərəfindən verilən xüsusi yardım yoxdur. Heç olmasa boşanmış ailələrdəki uşaqlara sabit aliment ödənişlərinin təmin olunması üçün mexanizm yaradılmalıdır. Bu həm uşaqların sosial rifahını qoruyar, həm də valideynlər arasında münaqişələrin qarşısını alar. Hazırkı sistemdə kişi alimenti ödəyə bilmədikdə, əvvəlcə xəbərdarlıq edilir, sonra isə o, 15 sutkalıq inzibati həbsə göndərilir. Lakin bu yanaşma problemi həll etmir, əksinə, vəziyyəti daha da çətinləşdirir. Kişi həbsdə olduğu müddətdə uşağa kim baxır, alimenti kim ödəyir? Üstəlik, həmin kişinin yeni ailəsi də maddi sıxıntı ilə üzləşir. Bu, nə uşağa, nə qadına, nə də kişiyə sərf edir".
Ekspert söyləyib ki, mövcud qanunvericilikdə ciddi dəyişikliklərə ehtiyac var: "Əgər qadın uşağı maddi və sosial baxımdan təmin edə bilmirsə, o halda uşağın atada qalması imkanı da nəzərdən keçirilməlidir. Uşaq təkcə ananın deyil, həm də atanın övladıdır və onun hər iki valideynlə yaşamaq hüququ təmin edilməlidir. Bu problemin həlli üçün yalnız iqtisadi deyil, həm də sosial və hüquqi sahədə köklü islahatlara ehtiyac var. Mütəxəssislərin, hüquqşünasların və sosial işçilərin rəyləri nəzərə alınmaqla balanslı və ədalətli sistem qurulmalıdır. Aliment məsələsinin ədalətli və davamlı şəkildə həlli Azərbaycan cəmiyyətinin sosial sabitliyi üçün mühüm əhəmiyyət daşıyır”.
Sevil Sultanlı
11:35 14.11.2025
Oxunuş sayı: 2002