Zəfərin 5-ci ildönümü İsveçdə qeyd edilib
İsveçin Yöteborq şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qarabağ Azadlıq Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində şanlı Zəfərin 5-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, İsveçdə yaşayan diaspor fəalları Gülnisə İbrahimova, Fəridə Talıblı və Məsumə Rüstəmlinin aparıcısı olduğu tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan–Qarabağ Mərkəzinin rəhbəri, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborq üzrə koordinatoru Ülviyyə Nəcəfova çıxış edərək Zəfər Günü münasibətilə xalqımıza təbriklərini və səmimi arzularını çatdırıb.
Uşaqların ifasında təqdim olunan vətənpərvərlik mövzusundakı səhnəcik iştirakçılara duyğulu anlar yaşadıb. “Xarı Bülbül” uşaq rəqs qrupunun təqdim etdiyi milli rəqslər, eləcə də Belçikadan gələn Nurlana Veysovanın ifasında “Şuşanın dağları”, “Azərbaycan” və “Qarabağ” mahnıları tədbirə xüsusi rəng qataraq böyük coşqu yaradıb.
Sonda 27 Sentyabr – Anım Günü münasibətilə uşaqlar arasında keçirilən rəsm müsabiqəsinin qalibləri açıqlanıb və onlara hədiyyələr təqdim edilib.
12:55 13.11.2025
Oxunuş sayı: 815