Zəfər və Bayraq günləri Estoniyada qeyd edilib
Estoniyanın paytaxtı Tallində “Birlik” Estoniya Azərbaycan İcmasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Bayraq Gününə həsr olunan silsilə tədbirlər keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirlər çərçivəsində Tallin Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Həftəsonu Məktəbində uşaqlar üçün xüsusi dərs təşkil edilib.
Ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Şanlı Qələbəmizə həsr olunan dərsdə uşaqlara Zəfərimizin tarixi və mənəvi əhəmiyyəti barədə geniş məlumat verilib, Azərbaycan mövzusunda kiçik viktorina təşkil olunub.
Dərsin davamında Zəfər və Bayraq günlərindən bəhs edən təqdimatlar keçirilib.
Tədbirdə İcmanın İdarə Heyətinin üzvləri Sənəm Əli və Zakir Miriyev çıxış edərək Şanlı Qələbəmizin tarixi-siyasi əhəmiyyətindən danışıblar.
Bayram tədbiri Estoniyada yaşayan azərbaycanlı uşaqların ifasında konsert proqramı ilə davam edib. Uşaqlar Azərbaycanın qəhrəmanlıq ruhunu və vətənpərvərliyini əks etdirən şeirlər və mahnılar səsləndiriblər.
Qeyd edək ki, Estoniya Karyera Təhsil Akademiyasının həmsədri Sənəm Əliyevanın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həmin ölkədə mütəmadi olaraq Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində müxtəlif tədbirlər keçirilir.
14:36 13.11.2025
Oxunuş sayı: 959