Sosial mediada bir-birini təhqir edən insanları hansı cəza gözləyir? - Vəkildən açıqlama
Sosial media platformaları müasir həyatın ayrılmaz hissəsinə çevrilərək, insanları uzaq məsafələrdən belə bir-biriylə əlaqə saxlamağa, dünyanı izləməyə, aktual trendlərdən və gündəmlik hadisələrdən xəbərdar olmağa imkan verir. Bu, əslində, bu platformaların yaradılma məqsədinin ta özüdür: fərdlərin fəaliyyətini asanlaşdırmaq, qlobal əlaqələri gücləndirmək və məlumat mübadiləsini sürətləndirmək. Lakin reallıqda istifadəçilər bu vasitələrdən hər kəs eyni məqsədlə istifadə etmir. Bəzən sosial media, insanların aqressiyasını boşaltmaq üçün bir növ "zibil qutusu"na çevrilir: fikirlərin paylaşılması tez-tez toqquşmalara, mübahisələrə və hətta bir-birini təhqir edən, alçaldıcı ifadələrə yol açır. Xüsusilə bəzi qruplar bu platformalardan sui-istifadə edərək, ictimai rəyi formalaşdırmağa, dezinformasiya yaymağa və kütlələri istiqamətləndirməyə cəhd edir. Bu, sadəcə lokal deyil, qlobal miqyaslı bir problemdir. Bəs Azərbaycan qanunvericiliyində sosial mediadakı bu cür sui-istifadələrə qarşı hüquqi mexanizmlər və prosedurlər mövcuddurmu?

Məsələ ilə bağlı hüquqşünas Anar Ramazanov Crossmedia.az-a açıqlama verib:
“Əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, ölkəmizdə də bütün sahələrdə insanların şərəf və ləyaqəti, həmçinin işgüzar nüfuzu xüsusi diqqətlə qorunur. Bu prinsiplər həm vətəndaşlar arasında münasibətlərdə, həm də vətəndaş–dövlət münasibətlərində özünü göstərir. Məhz buna görə də Azərbaycan Respublikasının Konstitusiyasında açıq şəkildə qeyd olunur ki, şəxsin ləyaqəti dövlət tərəfindən qorunur. Yəni, dövlət Konstitusiya ilə üzərinə öhdəlik götürür ki, insanın və vətəndaşın ləyaqətini, şərəfini və işgüzar nüfuzunu müdafiə etsin. Bununla bağlı olaraq, vətəndaşlara qarşı baş verə biləcək maddi və mənəvi zərərin qarşısının alınması üçün bir sıra hüquqi, təşkilati və inzibati tədbirlər həyata keçirilir. Bu tədbirlərin əsasını insanın şərəf və ləyaqətinin, işgüzar nüfuzunun alçaldılmasının qarşısını alan normativ hüquqi aktlar təşkil edir. Bu sahədə aparıcı sənədlər sırasında Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cinayət Məcəlləsi və digər aidiyyəti qanunlar mühüm yer tutur. Dövlətimiz bütün sahələrdə olduğu kimi, media mühitində də vətəndaşların hüquq və mənafelərinin qorunmasına, onları əsassız ittiham, təhqir və böhtanlardan müdafiə etməyə çalışır. Ümumilikdə, böhtan və təhqir cinayət qaydasında təqib olunan əməllərdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, böhtan və təhqir cinayət məsuliyyəti yaradan əməllər hesab olunur. Bununla yanaşı, bu cür hallara görə məsuliyyət həm cinayət, həm də mülki qanunvericiliklə müəyyən edilir. Böhtan və təhqir anlayışları arasında isə müəyyən hüquqi sərhəd mövcuddur — hər iki halda əsas məqsəd insanın ləyaqətini və nüfuzunu qorumaqdır. Lakin digər sahələrdə olduğu kimi, insanlara qarşı hüquq pozuntuları, eləcə də onların şərəf və ləyaqətinin alçaldılması halları sosial media mühitində də müşahidə olunur. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur. Təəssüf ki, hazırda Azərbaycanda sosial medianın fəaliyyətini tam şəkildə tənzimləyən, onun hüquqi əsaslarını əhatə edən normativ çərçivə yetərincə formalaşmayıb”.
Ekspert xüsusən qeyd edib ki, ölkəmizdə sosial media ilə bağlı əsas müddəalar "Media haqqında" Azərbaycan Respublikasının Qanununda ümumi media münasibətləri kontekstində əksini tapır: “Yəni sosial media hələlik ayrıca hüquqi tənzimləmə predmeti kimi deyil, ümumi media fəaliyyətinin tərkib hissəsi kimi qiymətləndirilir. Sosial medianın sosial mediaya dair münasibətlərin səthi tənzimlənməsi praktikada bu sahədən istifadə edən şəxslərin fəaliyyətində bir sıra sui-istifadə hallarına gətirib çıxarır. Məsələn, dünyanın bir sıra ölkələrində sosial mediaya giriş yalnız şəxsiyyət vəsiqəsi ilə mümkündür. Avropa ölkələrində bu sahədə belə təcrübə artıq formalaşıb. Azərbaycanda isə təəssüf ki, bu cür hüquqi mexanizm hələ mövcud deyil. Yəni, istənilən şəxs sosial mediada saxta adla qeydiyyatdan keçərək özünə saxta profil və hesab yarada bilər. Düzdür, qanunvericiliyimiz saxta adlardan, hesablardan və profillərdən istifadə etməklə insanların təhqir olunması və onlara böhtan atılması hallarına görə cinayət məsuliyyəti müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən, saxta adlardan, profillərdən və hesablardan istifadə etməklə internet resurslarında digər şəxslərin təhqir olunması və böhtan atılması cinayət məsuliyyətinə səbəb olur. Yəni, qanunvericilik bu məsələyə münasibət bildirib və belə halları ayrıca cinayət tərkibi kimi fərqləndirib. Lakin bu gün sosial media hesablarına, orada gedən müzakirələrə, yazılan rəylərə, postlara və digər kommunikasiya formalarına nəzər saldıqda, insanların bir-birini təhqir etməsi, alçaltması və bir-biri haqqında həqiqətə uyğun olmayan məlumatlar yayması hallarına geniş şəkildə rast gəlinir. Əksər hallarda bu, saxta profillər vasitəsilə həyata keçirilir. Ümumiyyətlə, Azərbaycanda sosial media ilə bağlı münasibətlər xüsusi qanunvericilik aktı ilə tənzimlənmir. Problemin kökü də əsasən bundan qaynaqlanır. Hazırda mövcud “Media haqqında” Qanun yalnız ümumi şəkildə onlayn medianın fəaliyyətini, onlayn yayımlanan xəbərlərin tələblərə cavab verməsini və digər ümumi məsələləri müəyyən edir. Lakin sosial mediada baş verən hüquq pozuntularının miqyası və xarakteri bu məsələyə ayrıca hüquqi yanaşmanı zəruri edir. Xüsusilə son dövrlərdə sosial mediada narkotik vasitələrin təbliği, cinayətlərin təşviqi, ailə və qadın zorakılığının təşviq edilməsi, qumar oyunlarının reklamı və təşviqi, erkən nikahların təbliği, milli, mənəvi və əxlaqi dəyərlərə zidd davranışlar, uşaqların hüquqlarının pozulması və onların yaşlarına uyğun olmayan davranışlara cəlb olunması”.
A.Ramazanov, həmçinin bildirib ki, azyaşlı uşaqların sosial mediada, xüsusilə “TikTok” kimi platformalarda, müəyyən ödəniş və ya mükafat müqabilində, onların yaş və mənəvi durumlarına uyğun olmayan hərəkətlər etməsi artıq ciddi narahatlıq doğurur: “Bu səbəbdən aidiyyəti dövlət qurumları, xüsusilə kibercinayətkarlıqla mübarizə aparan strukturlar məsuliyyəti daha da artırmalı və bu sahədə yeni hüquqi mexanizmlər tətbiq etməlidirlər. Məsələn, bəzi Avropa ölkələrində olduğu kimi, sosial şəbəkələrə giriş yalnız şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməklə mümkün olmalıdır. Beləliklə, sosial mediada hər bir hesab konkret şəxsə aid olacaq və həmin şəxs öz yazdığı rəy və paylaşımlara görə məsuliyyət daşıyacaq. Hazırda sosial mediada baş verən bir çox pozuntular ümumi əsaslarla cəzalandırılır. Bu isə təcrübədə həmin şəxslərin çox vaxt məsuliyyətdən yayınmasına şərait yaradır. Digər tərəfdən, çox vaxt sosial mediada təhqirə və böhtana məruz qalan şəxslər məhkəməyə müraciət etmək istəsələr belə, təhqir edən şəxsin kimliyi məlum olmur. Çünki saxta profillərin arxasında kimin dayandığını müəyyənləşdirmək çətindir və bu, uzun və çətin hüquqi prosedur tələb edir. Belə hallarda vətəndaşlar məcbur olur məsələni hüquq-mühafizə orqanlarına yönəltsinlər. Lakin təcrübə göstərir ki, bu orqanlar bəzən resurs çatışmazlığı və ya texniki imkanların məhdudluğu səbəbindən bu istiqamətdə tam səmərəli fəaliyyət göstərə bilmirlər. Nəticə etibarilə, sosial şəbəkələrdə təhqir, böhtan, zorakılıq və digər pozuntular törədən şəxslərin əksəriyyəti məsuliyyətdən yayınır. Bu səbəbdən, sosial mediada baş verən qanun pozuntularına görə cəzalar daha sərt və əsaslı şəkildə artırılmalıdır. Bir hüquqşünas olaraq hesab edirəm ki, bu sahədə yeni qanunvericilik aktı hazırlanmalı, sosial mediadan istifadə edən şəxslərin şəxsiyyətinin identifikasiyası və məsuliyyət mexanizmləri normativ səviyyədə aydın şəkildə müəyyən edilməlidir”.
Ayhan
11:12 13.11.2025
Oxunuş sayı: 1166