Yunanıstanda Zəfər Günü və Dövlət Bayrağı günü qeyd olunub
Yunanıstanın Saloniki şəhərində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir “Qala” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
“Qala” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov çıxış edərək tədbirin mahiyyəti barədə ətraflı məlumat verib, Zəfər və Dövlət Bayrağı günlərinin Azərbaycan üçün tarixi əhəmiyyətindən danışıb.
Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində apardığı uğurlu əməliyyatlarla tarixi ədalət və beynəlxalq hüququn təmin olunduğunu söyləyib. Ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunması nəticəsində üçrəngli bayrağımızın Azərbaycanın hər bir bölgəsində qürurla dalğalandığını ifadə edib.
Tədbirin sonunda qonaqlar “Bütöv Azərbaycan” adlı sərgi ilə tanış olub, milli mətbəximizin zəngin təamlarından dadıblar.
17:49 12.11.2025
Oxunuş sayı: 1317