Göyçayda "Nar Festivalı" çərçivəsində "Aqrar Biznes Festivalı" keçirilib
Göyçay rayonunda keçirilmiş 16-cı "Nar Festivalı" çərçivəsində "Aqrar Biznes Festivalı" keçirilib.
Bu barədə Crossmedia.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, tədbir nazirliyin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, elmi-tədqiqat müəssisələrinin iştirakı ilə baş tutub.
Tədbirin əsas məqsədi kənd təsərrüfatı sahəsində innovasiyaların, müasir texnologiyaların və elmi yeniliklərin təşviq olunması, fermerlərin və sahibkarların biznes əlaqələrinin inkişaf etdirilməsi, aqrar sektorun rəqabət qabiliyyətinin artırılması olub.
Festival çərçivəsində elmi-tədqiqat müəssisələri və müxtəlif kənd təsərrüfatı şirkətləri tərəfindən tətbiq olunan bir sıra yeniliklər nümayiş etdirilib.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, Üzümçülük və Şərabçılıq, Meyvəçilik və Çayçılıq, Bitki Mühafizə və Texniki Bitkilər elmi-tədqiqat institutları geniş şəkildə təmsil olunub. İnstitutlar müxtəlif kənd təsərrüfatı məhsulları, bitki sortları, xəstəlik və zərərvericilərə qarşı müasir mübarizə vasitələri, eləcə də innovativ aqrotexnoloji həllər təqdim edib. Ziyarətçilərə elmi nailiyyətlər, tətbiq olunan yeni seleksiya üsulları və səmərəli istehsal texnologiyaları barədə ətraflı məlumat verilib.
Festivalda həmçinin kənd təsərrüfatı texnikası, gübrə və pestisid istehsalı ilə məşğul olan şirkətlər geniş şəkildə iştirak ediblər. Onlar ziyarətçilərə müasir aqrotexniki avadanlıqlar, məhsuldarlığın artırılmasına yönəlmiş gübrə növləri, bitki mühafizəsi vasitələri və ekoloji cəhətdən təhlükəsiz pestisidlər təqdim ediblər. Şirkət nümayəndələri fermerlərə yeni texnologiyaların tətbiqi, resurslara qənaət, məhsul keyfiyyətinin və torpaq münbitliyinin artırılması istiqamətində innovativ həllər barədə məlumat veriblər.
İki gün ərzində davam edən festivalda tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub və festival atəşfəşanlıqla yekunlaşıb.
16:04 12.11.2025
Oxunuş sayı: 1259