Komitə sədri: Azərbaycanın UNESCO-da təmsilçiliyi bizə mədəni diplomatiyanı davam etdirməyə imkan yaradacaq
Azərbaycanın UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında “Mənşə ölkələrinə mədəni əmlakın qaytarılması və ya qanunsuz mənimsənilmə hallarında onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə”yə (ICPRCP) üzv seçilməsi, ölkəmizin mədəni irs sahəsindəki nüfuzunun və beynəlxalq səviyyədə fəal mövqeyinin təzahürüdür. Bu seçki Azərbaycanın mədəni irsin qorunması və bərpasına verdiyi önəmin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Səmərqənddə keçirilən sessiyada əldə olunan bu uğur ölkəmizin mədəni diplomatiya sahəsindəki rolunu daha da gücləndirərək, beynəlxalq əməkdaşlıq və mədəni irsin qorunması sahəsində gələcək təşəbbüslərə zəmin yaradır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu barədə Crossmedia.az-a danışıb: “Bildiyiniz kimi, Azərbaycan dövləti beynəlxalq, humanitar və mədəniyyət platformalarında önəmli yer tutan qurumlarla fəal əməkdaşlıq siyasəti aparırdı və vətən müharibəsində qələbəmizə gələn yolda bu strategiya öz müsbət nəticələrini verdi. Bizdə UNESCO, USESCO və bu kimi başqa təşkilatlarda ölkəmizin qarşıya qoyduğu mühüm vəzifələr vardır. Bir tərəfdən Azərbaycanın keçdiyi yolu, tarixi, mədəni dəyərləri tanıtdırmaq, yaymaq və təşviq etmək, digər tərəfdən ölkəmizə diqqəti artırmaq və həmin irsin qorunması üçün tədbirləri genişləndirmək niyyətləri mövcuddur. Xüsusilə də Ermənistanın Azərbaycana qarşı məhz o istiqamətlərdə vurduğu zərbələrin, dağıdıcılığın və həmçinin işğalın gətirdiyi mirasın bütün mahiyyətini qərb platformalarında biz göstərməyə çalışırdıq. O səbəbdən UNESCO Azərbaycanı ölkəmizin daxili milli həyatında, xüsusilə də təhsil və humanitar sferada və mədəniyyət kimi diplomatiyanın artıq mühüm platformasına çevrilmiş məkanında təmsil edən Mehriban xanım bilavasitə o prosesə rəhbərlik edirdi. Yəni, məhz o səbəbdən də UNESCO uzun illər Azərbaycanın xoşməramlı səfiri kimi mandata malikdir və düşünürəm ki, xüsusilə də Balqar əsrli İrina Bukavanın rəhbərliyi dövrünə qədər bu proses uğurla inkişaf etmişdir. Həmin dövrə bir jurnalist-tədqiqatçı, yəni araşdırmaçı kimi yanaşdığınızda, onlarla görüşləri və birgə həyata keçirilən layihələri görəcəksiniz. Bütün bunlar hər iki tərəfin xeyrinə işləməklə bərabər, mühüm beynəlxalq nümunələr yaratmaqda idi və düşünürük ki, başa düşüləndir. Yəni müharibə yalnız silahla, hərbi texnika və texnologiya ilə aparılmır”.
“Yaxşı bilirik ki, mədəni sferada hansı dövlətlərin maraqları necə inkişaf edir və onlar bir-birinə hansı formada müdafiə edirlər; bunun böyük nümunələrini də vermək mümkündür. Lakin təəssüf ki, Odri Azulay adlı bir şəxsin həmin UNESCO-ya rəhbər gətirilməsi və onu, əlbəttə ki, Fransanın xarici siyasət silahına çevirməsi fərqli bir vəziyyət meydana gətirdi və ölkəmizin həmin qurumdakı təmsilçiliyi UNESCO-nun ölkəmizə qarşı qələbədən sonra apardığı kəskin konfrontasiya, təzyiq, xristian irsi və erməni abidələrinin qorunması adı altında əvvəlki işğal dövrünə ölkəmizi qaytarmaq yönündə tədbirləri münasibətlərə ciddi zərbə vurdu. Məhz o səbəbdən də hörmətli Mehriban xanım öz mandatını həmin qurumdan geri çəkdi və UNESCO ilə əməkdaşlıq səviyyəsi çox-çox aşağı endirildi. Düşünürük ki, xüsusilə də həm Ermənistandan, həm də işğaldan azad olunan ərazilərdə ermənilərin mədəni-humanitar irsə vurduğu zərbələri, ziyanları ölçmədən, onu aktlaşdırmadan və beynəlxalq indekslərə, sənətlərə və hesabatlara daxil etmədən, o qurum özünə mötəbər deyə bilməzdi və geniş miqyasda dünya çapında apardığı fəaliyyətə inam qazandırmaq qeyri-mümkündür. Lakin bununla bərabər, Azərbaycan israrlı mövqeyini davam etdirdi və düşünürük ki, əslində Fransa ilə ölkəmiz arasındakı münasibətlər UNESCO ilə də sanki eyni sinxronluğa malik idi”, - Z.Oruc qeyd edib.
Komitə sədri bildirib ki, indiki halda bu qurumda artıq yeni təmsilçilik imkanları qazanmaq bizə mədəni diplomatiyanı davam etdirməyə imkan verəcək: “Bölgədə hazırda bir sülh gündəliyi formalaşır, ona liderliyi Azərbaycan prezidenti edir və bu, bütün Cənubi Qafqaza yeni bir gələcək vəd edir. Bu barış prosesində UNESCO fəal rol oynaya bilər. O səbəbdən ölkəmizin nümayəndələri əminəm ki, bu xətti qabardacaqlar. Biz artıq müharibələri, qarşıdurmaları, hətta dünya üçün o təhlükəsizlik böhranını həll edəcək nümunələr meydana gətiririk. Belə hesab edirəm ki, bütün bunların zəminində UNESCO Azərbaycanın apardığı misiyaya töhfə verə bilər. Bir daha qeyd etmək istəyirəm ki, burada düşmənçilik sindromunun aradan qaldırılması, qarşılıqlı olaraq yaraların hələ isti olması səbəbindən müəyyən bir nifrət ictimai ruhunun üstünlük təşkil etməsinin azaldılmasına xidmət edə bilər. Bundan ötəri, müxtəlif sferalarda gerçəkdən də görüşlərin, tədbirlərin keçirilməsinə ehtiyac var. UNESCO-da Azərbaycanın belə təmsilçiliyi düşünürəm ki, həmin qurumu ötən yaxın illərdəki yanlışlıqlarından və Azərbaycana qarşı aparılan təzyiq siyasətindən çıxarmağa və yeni bir mərhələnin başlanmasına yol açmağa imkan verəcəkdir. Hər halda buna ömür adamaq istəyirik”.
Mehriban Yariyeva
22:32 11.11.2025
Oxunuş sayı: 1332