Marneulidə Zəfər Gününə həsr olunmuş Yunan-Roma güləşi üzrə turnir keçirilib
Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında turnir keçirilib.
Crossmedia.az xəbər verir ki, "Zəfər Gününün Ruhu – Güləş Xalçasında" devizi altında keçirilən turnirin açılışında əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov, Azərbaycan səfirliyinin müşaviri Kamal Xəlilov və mərkəzin direktoru Murad Muradov çıxış edərək iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib, gənc idmançılara uğurlar arzulayıblar. Bildirilib ki, bu yarış yalnız idman mübarizəsi deyil, həm də birlik, qürur və zəfər ruhunun təntənəsidir.
Turnirdə gənc idmançılar əzmkarlıq, dözüm və vətənpərvərlik nümayiş etdirərək tamaşaçılara unudulmaz anlar yaşadıblar.
Turnirin sonunda Qızılhacılı komandası I yerə, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin komandası II yerə, Araflı komandası isə III yerə layiq görülüb. Qalib komandaların məşqçilərinə və idmançılara medallar, kubok və diplomlar təqdim olunub.(Report)
23:30 07.11.2025
Oxunuş sayı: 1863