Çövkənin Afrikadakı yüksəlişi: Bakıdan Abucaya uzanan böyük idman marşrutu!
Nigeriyanın paytaxtı Abucada yerləşən möhtəşəm Guards Polo Club meydanında Afrika Çövkən Çempionatına start verilmişdir.
Crossmedia.az xəbər verir ki, turnir Beynəlxalq Çövkən Federasiyasının bayrağı altında, Afrika ölkələrinin atlı idman qurumlarının dəstəyi və Nigeriya Polo Federasiyasının təşkilatçılığı ilə həyata keçirilir. 5 noyabr tarixində start götürən çempionatın oyunları 8 noyabrda final qarşılaşmaları ilə yekunlaşacaq.
Turnir sistemi xal əsasında formalaşır: qrup mərhələsində komandaların topladığı xallar nəticəsində 8 noyabr tarixində keçiriləcək final oyununda birinci və ikinci yerlər uğrunda mübarizə aparacaq komandalar müəyyən ediləcək, digər iki komanda isə üçüncü yer uğrunda görüşəcək. Bu mötəbər yarış qədim atüstü oyun olan çövkənin Afrikada inkişafı və beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır.
Çempionat eyni zamanda qitə ölkələri arasında dostluq, əməkdaşlıq və idman dəyərlərinin təşviqinə yönəlmişdir. Turnirin açılış mərasimi noyabrın 5-də baş tutmuş və oyunlar yüksək səviyyədə təşkil olunmuşdur. İlk iki oyun günü gərgin idman mübarizəsi və yüksək tempdə keçmişdir.
Birinci günün nəticələri:
Niger 3 - 1 Misir
Nigeriya 3 - 2 Qana
İkinci günün nəticələri:
Niger 5 - 2 Qana
Nigeriya 10 - 1 Misir
İki turun nəticələrinə əsasən, Niger və Nigeriya komandaları turnirdə üstünlük əldə edərək lider mövqedə qərarlaşmışlar. Hər iki komanda həm texniki hazırlığı, həm də komanda oyunu baxımından yüksək səviyyə nümayiş etdirmişlər.
Yarışların təşkil olunduğu Guards Polo Club (Abuca) regionun ən nüfuzlu atçılıq mərkəzlərindən biridir və bu yarışla Afrikada çövkənin bərpası və populyarlaşdırılması istiqamətində mühüm addım atılmışdır.
14:11 07.11.2025
Oxunuş sayı: 1797