Valideynlər övladlarından nə istəyir?: Erkən nikahlar durmadan artır
Goranboyda 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb.
Goranboy Rayon Polis Şöbəsinə rayonun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.
Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.
Bu, ilk belə hal deyil. Xüsusilə bölgələrdə oxşar hallara tez - tez rast gəlinir. Haqlı sual yaranır: valideynlər nə istəyir? Bu, öz yerində. Bu suala cavab tapmaq asan deyil.
Bəs Qanunvericiliyə görə, 18 yaşına çatmamış şəxsin nişanlanması və ya evliliyi hansı hallarda cinayət və ya inzibati məsuliyyət yaradır?
Hüquq müdafiəçisi Əliməmməd Nuriyev Crossmedia.az-a açıqlamasında deyib ki,"Azərbaycanda qanunvericiliyə görə evlilik yaşı 18-dir. Daha erkən nikahlar qeyri-qanuni sayılır və bu, hər iki tərəf üçün məsuliyyət yaradır. Eyni zamanda vacibdir aydınlaşdırılmalıdır ki, şəxs məcbur edilərək evləndirilib, ya yox. Birincidirsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən əlavə cinayət məsuliyyəti yaranır. Ona görə də bu məqamın tam şəkildə müəyyən edilməsi zəruridir. Mənə elə gəlir ki, polis əməkdaşları məsələni aydınlaşdırmaq üçün valideynləri dəvət etməklə düzgün addım atıblar".

Hüquq müdafiəçisinin sözlərinə görə, nikah yaşına çatdıqdan sonra məsələ qanun çərçivəsində həll olunur: "Bu o deməkdir ki, polis orqanları ilkin mərhələdə belə halların qarşısını alır və bu hərəkətin məsuliyyət doğura biləcəyini tərəflərin diqqətinə çatdırır. Bundan sonra isə, qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflər 18 yaş tamam olduqdan sonra rəsmi nigah münasibətlərinə daxil ola bilərlər."
Sosioloq Rəvan Əliyev erkən nişanlanmaların səbəbləri və problemin aradan qaldırılması yolları barədə fikirlərini bölüşüb: "Bu məsələ çox ciddi sosial problemdir və kökləri dərin mədəni-tarixi stereotiplərə dayanır. Bəzi ailələr hələ də qız övladının “gecikməməsi”, “gələcəyinin təmin edilməsi” kimi yanlış düşüncələrlə erkən nişana üstünlük verirlər. Təəssüf ki, bəzi bölgələrdə “tez söz kəsək, böyüyəndə toy edərik” kimi yanaşmalar hələ də mövcuddur. Təəssüf ki, bəzi valideynlərdə belə stereotip mövcuddur: “Uşaq böyüdükcə sosial şəbəkələrdə təsirlənir, azadlıq istəyir, ona görə erkən nişan edək, nəzarətdə olsun".

Ən vacib rolu məhz ailə və məktəb oynayır. Ailələr anlamalıdır ki, uşağın xoşbəxtliyi erkən nişan və ya əvvəlcədən planlaşdırılmış evlilikdə deyil, onun təhsilində, psixoloji sağlamlığında və sosial inkişafındadır".
Müsahibimizin sözlərinə görə, məktəblərdə də psixoloji xidmət, sosial işçilər və gender maarifləndirməsi sistemli şəkildə gücləndirilməlidir: "Gənclər erkən yaşda həyat seçimi, hüquqlar, ailə psixologiyası mövzularında məlumatlandırılmalıdır. Ailə–məktəb–dövlət və media əməkdaşlığı olmadan bu problem köklü şəkildə həll oluna bilməz. İctimai reaksiya var, amma yetərli deyil. Çox vaxt belə hallar “ailə işi” kimi qəbul olunur və ciddi sosial məsuliyyət hissi formalaşmır."
Gülbəniz Bayramova
22:53 05.11.2025
Oxunuş sayı: 1187