Naxçıvanda “Zəfər qaçışı” keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan şəhərində “Zəfər qaçışı” adlı kütləvi idman tədbiri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan qaçış yarışına yaşı 14-dən yuxarı 300-dən çox iştirakçı qatılıb.
Crossmedia.az-a bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat verib.
İştirakçılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasının qarşısındakı start xəttindən müəyyən edilmiş marşrut üzrə Zəfər parkının ətrafındakı finiş xəttinədək olan 5500 metrlik məsafəni qət ediblər. Mükafatçılar kişilər və qadınlar arasında peşəkar, həvəskar idmançı kateqoriyalarında müəyyənləşib. Finiş xəttinə ən tez çatan idmançı 44 nömrəli rəmzi sıra nömrəsi ilə Əmrah Nağıyev olub.
Mükafatlandırma mərasimində ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Kişilər və qadınlar arasında ilk üç yerin sahibi olan iştirakçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin nominasiya qalibləri və fəal iştirakçılar da təltif olunublar. Mükafatları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Tarverdi Məmmədov, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim ediblər.
Nəticələrə əsasən peşəkar kateqoriyası üzrə kişilər arasında Əmrah Nağıyev, qadınlar arasında isə Aysel Hüseynova birinci yerə sahib çıxıblar. Namiq Babayev və Aylin Bədəlli ikinci, Emin Abbasovla Fatimə Məmmədəliyeva isə üçüncü olublar. Həvəskar kateqoriyası üzrə Cavid Şıxovla Rüqəyya Məmmədli birinci, Süleyman Xəlilovla Nurgül Seyidli ikinci, Əli Novruzovla Tamara Orucova isə üçüncü olublar. “Ən yaşlı idmançı” nominasiyasında Orxan Əliyev, “Ən az yaşlı” nominasiyasında isə Əkbər Cəfərli qalib olublar.
Qeyd edək ki, “Zəfər qaçışı”nın keçirilməsində məqsəd Zəfər Gününün mənəvi əhəmiyyətini təbliğ etmək, əhali arasında sağlam həyat tərzini və idmana marağı artırmaqdır.
16:45 05.11.2025
Oxunuş sayı: 1263