Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda panel müzakirələri aparılıb
Türkiyənin Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində müxtəlif mövzularda panel müzakirələri aparılıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundovanın moderatoru olduğu panel “Azərbaycanın dünyada tanıdılması: diasporun mədəniyyət diplomatiyasına töhfəsi” mövzusuna həsr edilib. Paneldə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Xalq artisti, forumun təşkilat komitəsinin sədri Cahangir Novruzov, bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova (Almaniya), pianoçu, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Gülnarə Səfərova (Yaponiya), dirijor, pianoçu Abuzər Manafzadə (Avstriya), pianoçu Ayan Məmmədli (Avstriya) çıxış ediblər. Azərbaycan diasporunun ölkəmizin beynəlxalq imicinin formalaşmasında və milli mədəniyyətin dünyada təbliğində oynadığı rol müzakirə edilib. Soydaşlarımızın son illərdə müxtəlif ölkələrdə milli-mədəni tədbirlər, sərgilər, konsertlər və maarifləndirici layihələr həyata keçirməklə ölkəmizin zəngin mədəni irsini və dəyərlərini uğurla təbliğ etdiyi bildirilib. Spikerlər mədəniyyət diplomatiyasının yumşaq güc vasitəsi kimi əhəmiyyətini qeyd edib, diaspor təşkilatlarının bu istiqamətdə fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini xatırladıblar.
“Mədəniyyət sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi: əməkdaşlıq imkanları və perspektivlər” mövzusuna həsr olunan paneldə Azərbaycan mədəniyyətinin inkişafında beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi istiqamətində yeni yanaşmalar müzakirə olunub. Əməkdar artist, Milli Musiqi Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarovanın moderatorluğunda keçən panelin çıxışçıları mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, “Ophrys Art Gallery”nin təsisçisi Cəmilə Orucova, Mersin Universitetinin Musiqi və Səhnə Sənətləri Fakültəsinin dekanı, Mersin Universiteti Dövlət Konservatoriyasının müdiri, professor Toğrul Qəniyev olub. Qloballaşma şəraitində mədəniyyətlərarası dialoqun gücləndirilməsinin və beynəlxalq təcrübənin yerli mühitə uyğunlaşdırılmasının Azərbaycanın mədəni siyasətinin prioritet istiqamətlərindən olduğu qeyd edilib. Panel zamanı, həmçinin ortaq layihələrin həyata keçirilməsi, gənc mədəniyyət mütəxəssislərinin beynəlxalq təcrübə proqramlarına cəlb olunması, mədəni diplomatiyanın gücləndirilməsi kimi məsələlər müzakirə edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, mədəniyyət naziri Adil Kərimli “Azərbaycanın dünyada tanıdılması: diasporun mədəniyyət diplomatiyasına töhfəsi” panelində çıxış edib, sualları cavablandırıblar. Diasporun mədəniyyət diplomatiyasına verdiyi töhfələrdən və gələcək planlardan danışan Komitə sədri Fuad Muradov xarici ölkələrdə Azərbaycan mədəniyyətinin tanıdılmasının hər bir ölkənin spesifik xüsusiyyətlərinin nəzərə alınaraq dəqiq, düşünülmüş piar mexanizmləri əsasında aparılmalı olduğunu vurğulayıb.
Panel müzakirələri qarşılıqlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
14:11 05.11.2025
Oxunuş sayı: 1708