BDU beynəlxalq reytinq agentliyi ilə birgə ali təhsil müəssisələri üçün onlayn təlim təşkil edəcək
Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Round University Ranking” (RUR) beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri üçün onlayn təlim keçiriləcək.
Crossmedia.az-ın məlumatına görə, BDU-dan bildirilib ki, təlimin məqsədi Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinq sistemlərində iştirak imkanlarını artırmaq, eləcə də bu sahədə müasir yanaşmalara, qiymətləndirmə metodologiyalarına və məlumat idarəetmə mexanizmlərinə dair məlumat verməkdir. Təlim zamanı RUR reytinqinin əsas göstəriciləri – tədris keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, beynəlmiləlləşmə və maliyyə dayanıqlığı kimi meyarlar üzrə universitetlərin performans qiymətləndirilməsinə dair geniş məlumat veriləcək.
RUR-un əsas məqsədi dünya ali təhsil müəssisələrinin fəaliyyətini şəffaf, obyektiv və çoxölçülü meyarlar əsasında qiymətləndirməkdir. Bu agentlik 80-dən çox ölkədən minlərlə universiteti əhatə edir və universitetlərin fəaliyyətini tədris, tədqiqat, beynəlmiləlləşmə və maliyyə sabitliyi istiqamətləri üzrə 20 göstərici əsasında qiymətləndirir.
Onlayn təlimə link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
Təlimdə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçdikdən sonra onlayn görüş üçün link əldə edəcəklər.
13:15 03.11.2025
Oxunuş sayı: 1149