Merz Kiyevə getdi: “Rusiya dayandırılmasa, hərbi maşını bizə qarşı yönələcək”
Almaniya kansleri Fridrix Merz Ukraynaya səfər edib və Kiyevdə Almaniyanın dəstəyinin davam edəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Merz Kiyevə xüsusi qatarla gedib. Onu iqtisadiyyat və energetika naziri Katerina Rayxe, eləcə də müdafiə və enerji sektorlarını təmsil edən 10 alman şirkətinin rəhbəri müşayiət edib.
“Əgər Rusiya dayandırılmasa, onun hərbi maşını gec-tez bizə qarşı yönələcək”, - deyə Merz Kiyevə çatdıqdan sonra bildirib. Kansler yaxın həftələrdə Ukraynanın Almaniyanın bütün dəstəyinə ehtiyac duyacağını vurğulayıb və qarşıdan gələn qış ərəfəsində Kiyevə yardımın davam etdiriləcəyini qeyd edib.
Merzin səfəri çərçivəsində Ukraynaya əlavə hərbi və maliyyə dəstəyinin açıqlanması gözlənilir. “Reuters”in məlumatına görə, paketə 1 milyard avro hərbi yardım və enerji infrastrukturunun bərpası üçün 350 milyon avro vəsait daxildir. Həmçinin minlərlə ələkeçirmə dronunun tədarükü və uzaqmənzilli silahların birgə istehsalının sürətləndirilməsi planlaşdırılır.
Kansler Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Almaniyanın dəstəyinin davam edəcəyini bir daha təsdiqləyəcəyini bildirib.
11:44 04.10.2026
Oxunuş sayı: 50