Qəzzada atəşkəsin bu qədər tez pozulması gözlənilən idi - Müsahibə
 
                                            Yaxın Şərqdə hərbi-siyasi gərginlik yenidən yüksəlməkdədir. Qəzza zolağında atəşkəs razılaşmaları ilə bağlı beynəlxalq səylərə baxmayaraq, bölgədə silahlı toqquşmalar və qarşılıqlı hərbi əməliyyatlar davam edir. Son günlər İsrail Müdafiə Qüvvələrinin Qəzzanın şimal hissəsində yerləşən Beyt Lahiya bölgəsinə endirdiyi dəqiq hava zərbəsi bu gərginliyin yeni mərhələyə keçdiyini göstərir.
İsrail ordusunun yaydığı rəsmi məlumata əsasən, zərbə birbaşa İsrail əsgərlərinə və dövlətin təhlükəsizliyinə qarşı planlaşdırılan hücumlarda istifadə olunacaq silah-sursat və hava hücumu avadanlıqlarının saxlandığı obyektə endirilib. Rəsmi Təl-Əviv bu əməliyyatı "önləyici və legitim müdafiə tədbiri" kimi qiymətləndirir. Lakin hadisə həm beynəlxalq ictimaiyyətin, həm də regional müşahidəçilərin diqqətini yenidən Qəzza zolağındakı humanitar böhrana və davamlı sülhün mümkünsüzlüyünə yönəldib.
Son aylarda bölgədə nisbi sakitlik əldə edilsə də, atəşkəs rejiminin tez-tez pozulması Qəzzada real və davamlı sabitliyin mövcud olmadığını göstərir. İsrailin təhlükəsizlik arqumentləri və Həmasın müqavimət mövqeyi bir-birinə zidd məntiq üzərində qurulduğundan, tərəflər arasında fundamental razılaşma əldə etmək mümkün olmur.
Bu hadisə eyni zamanda onu göstərir ki, Qəzzadakı münaqişə artıq təkcə hərbi qarşıdurma deyil, həm də siyasi iradələrin toqquşması səviyyəsinə keçib. Hər iki tərəf öz məqsədlərindən geri çəkilmir və nəticədə bölgədə humanitar böhran dərinləşir. Beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq, nə atəşkəsin bərqərar olması, nə də sülh danışıqlarının nəticə verməsi üçün real zəmin yaranmayıb.
Mövcud vəziyyət göstərir ki, Yaxın Şərqdə sülhə doğru hər hansı irəliləyiş yalnız hərbi əməliyyatların dayandırılması ilə deyil, həm də tərəflərin bir-birinin mövcudluq hüququnu qəbul etməsi və BMT qətnamələrinə əsaslanan ədalətli siyasi nizamın qurulması ilə mümkündür. Lakin bu mərhələdə nə İsrail, nə də Həmas bu istiqamətdə real siyasi iradə nümayiş etdirir.
Məsələ ilə bağlı siyasi şərhçi Aydın Quliyev Crossmedia.az-a müsahibə verib:
— Son atəşkəs razılaşmasının bu qədər qısa zamanda pozulması beynəlxalq ictimaiyyətdə təəccüb doğurdu. Sizcə, bunun əsas səbəbləri nələrdir?
— Əslində, Qəzzada atəşkəsin bu qədər tez pozulması gözlənilən idi. Çünki əvvəldən vəziyyət onu göstərirdi ki, tərəflər – istər İsrail, istər HƏMAS, istərsə də ABŞ – bu atəşkəsi yalnız müəyyən keçid dövrü üçün əldə etməyə çalışıblar. Uzunmüddətli atəşkəsin bərqərar olması üçün problemin mahiyyətcə, yəni fundamental şəkildə həllinə ehtiyac var. Mövcud şəraitdə isə nə HƏMAS-ın istədiyi məsələlər həll olunur, nə İsrail öz məqsədlərinə çatır, nə də ABŞ bölgədə davamlı sülhün təminatına qarantiya verə bilir.
— Hazırda İsrail və HƏMAS tərəflərinin məqsədləri nədən ibarətdir?
— İsrailin əsas məqsədi HƏMAS-ı bir təşkilat kimi tamamilə zərərsizləşdirmək, Qəzzanı öz nəzarəti altına alaraq ilhaq etmək və nəticə etibarilə Fələstin dövlətinin yaradılması məsələsini gündəmdən çıxarmaqdır. Lakin bu mərhələdə İsrail bu hədəflərinə nail ola bilməyib – HƏMAS hələ də silahlı qüvvə kimi mövcuddur, Qəzza tam ələ keçirilməyib və Fələstin dövlətinin yaradılması ideyası gündəmdə qalır.
Digər tərəfdən, HƏMAS-ın və ümumilikdə Fələstinin məqsədi İsrailin 1967-ci ildən bəri işğal etdiyi torpaqlardan tamamilə çıxmasına nail olmaq və müstəqil Fələstin dövlətinin yaradılması hüququnun tanınmasıdır. Lakin nə Fələstin, nə də HƏMAS bu məqsədlərinə çata bilib.
— Yaxın Şərqdə davamlı sülhün bərqərar olması üçün hansı şərtlər zəruridir?
— Bu gün Yaxın Şərq probleminin fundamental həllinə dair real mexanizmlər mövcud deyil. Nə qədər ki, münaqişənin köklü həllinə yönəlik qarşılıqlı anlayış yaranmır, bölgədə uzunmüddətli atəşkəsə nail olmaq mümkün olmayacaq.
Davamlı sülh yalnız o zaman mümkündür ki, İsrailin müstəqil dövlət kimi mövcudluq haqqı Fələstin və HƏMAS tərəfindən qəbul edilsin, eyni zamanda Fələstinin 1947-ci il BMT qətnaməsində müəyyən edilmiş ərazilərdə müstəqil dövlət kimi yaranmaq hüququ İsrail tərəfindən tanınsın. Bu şərtlər reallaşmadığı müddətdə Yaxın Şərqdə hər bir atəşkəs müvəqqəti xarakter daşıyacaq.
Elmir Heydərli
11:45 31.10.2025
Oxunuş sayı: 2087
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        