Çin və ABŞ ticarət mübahisələrinin həlli ilə bağlı razılığa gəliblər
Çin və ABŞ nümayəndə heyətləri iki ölkə arasında əsas ticarət mübahisələrinin həlli istiqamətində razılığa gəliblər. Bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Cənubi Koreyanın Pusan şəhərində ABŞ Prezidenti Donald Tramp ilə görüşü zamanı bildirib.
Crossmedia.az Xinhua agentliyinə istinadən xəbər verir ki, Si Cinpinin sözlərinə görə, iki ölkənin ticarət-iqtisadi qrupları “ciddi narahatlıq doğuran məsələlərin həlli üzrə prinsipial razılıq əldə edib və ümidverici irəliləyişlərə nail olublar.”
“Çin və ABŞ bir-birinə kömək etməklə uğur və ümumi rifah əldə edə bilərlər. Mən illərdir deyirəm ki, Çin və ABŞ tərəfdaş və dost olmalıdırlar. Tarix bizi buna öyrədib və bu, reallığın tələbidir,” – deyə Çin lideri vurğulayıb.
O, həmçinin qeyd edib ki, iki ölkənin fərqli milli xüsusiyyətləri olduğundan, dünyanın iki ən böyük iqtisadiyyatı arasında zaman-zaman fikir ayrılıqlarının yaranması təbiidir. Lakin onun sözlərinə görə, Çin və ABŞ bütün çətinliklərə baxmayaraq irəliləməyə davam etməlidir.
“ABŞ Prezidenti Donald Tramp ilə birlikdə Çin–Amerika münasibətlərinin möhkəm təməlini qoymaq və hər iki ölkənin inkişafı üçün əlverişli şərait yaratmaq üçün əməkdaşlığı davam etdirməyə hazıram,” – deyə Si Cinpin bildirib.
Çin lideri həmçinin vurğulayıb ki, Çinin inkişafı ABŞ administrasiyasının siyasəti ilə ziddiyyət təşkil etmir və iki ölkə qarşılıqlı fayda və ümumi rifah əsasında dost və tərəfdaş kimi qalmalıdır.
15:41 30.10.2025
Oxunuş sayı: 1282