“Regionlarda peşəkar teatr dərsləri” layihəsinin növbəti ünvanı - Ağdam teatrı
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 20-31 oktyabr tarixlərində Qarabağ bölgəsində keçirilən “Mədəniyyət rüzgarı” tədbirlər silsiləsi davam edir.
Crossmedia.az xəbər verir ki, layihə çərçivəsində 20-25 oktyabr tarixlərində Ağdam Dövlət Dram Teatrında (Quzanlı qəsəbəsi) “Regionlarda peşəkar teatr dərsləri” layihəsi üzrə ustad dərsləri təşkil olunub.
Layihənin əsas məqsədi teatr kollektivinin peşəkarlıq səviyyəsinin artırılması, aktiv yaradıcı mühitin formalaşdırılması və səhnə sənətində çağdaş tendensiyaların nəzərə çatdırılmasıdır.
Nəzəri və praktiki istiqamətdə keçirilən ustad dərslərini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissoru və səhnə plastikası kafedrasının dosenti, Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov və MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusif aparıblar.
Tədbir teatrın kollektivi tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Qeyd edək ki, MEMİM-in “Regionlarda peşəkar teatr dərsləri” layihəsi 2024-cü ilin oktyabr ayından həyata keçirilir. Layihə çərçivəsində ötən il Qusar Dövlət Ləzgi Dram və Lənkəran Dövlət Dram teatrlarında, bu il isə Qax Dövlət Gürcü Dram və Qazax Dövlət Dram teatrlarında ustad dərsləri təşkil olunub.



Ayan Sədi
19:23 27.10.2025
Oxunuş sayı: 4751