Yol qəzalarında piyada ölümü: Məsuliyyət artırılmalı, maarifləndirmə tədbirləri gücləndirilməlidir
Bu ilin doqquz ayında ölkədə baş verən yol qəzalarının təxminən 40 faizi, Bakıda isə 60 faizi piyadaların vurulması ilə nəticələnib. Bu, sadəcə statistika deyil, hər rəqəmin arxasında bir insan, bir ailə, bir itki var.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib ki, bu halların çoxu piyadaların diqqətsizliyindən qaynaqlanır. Bəzən cəmi bir addım, bir telefon baxışı, ya da bir tələsik qərar həyatla ölüm arasındakı sərhədi müəyyənləşdirir.
Yolu keçmək bir vərdişdir, amma məsuliyyətli vərdiş. Piyada keçidi uzaq deyil, sadəcə bir neçə addımlıq məsafədədir. Amma o bir neçə addımı keçməmək bəzən bir ömrü xilas edə bilər. Unutmayaq, bir anlıq səbr, bir baxış, bir addım diqqət bəzən bütün həyatı dəyişə bilər.
Crossmedia.az-a məsələnin hüquqi, sosial və texniki tərəflərini dəyərləndirən mütəxəssislər isə bildirirlər ki, həm sürücülərin, həm də piyadaların məsuliyyəti artırılmalı, maarifləndirmə tədbirləri gücləndirilməlidir.

Hüquqşünas Ramil Süleymanov hesab edir ki, piyadaların vurulması ilə nəticələnən qəzaların araşdırılmasında ümumiləşdirmə aparılmalı, hər iki tərəfin günah payı müəyyən edilməlidir: “Birinci növbədə onu bilmək lazımdır ki, yol nəqliyyat hadisələri, əsasən də piyadaların vurulması ilə baş verən yol nəqliyyat hadisələrinin araşdırılması zamanı ümumiləşmə aparılmalıdır. Müəyyən olunmalıdır ki, piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrində sürücülərin günahı hansı faiz nisbətini təkşil edir, piyadaların günahı hansı faiz nisbətindədir. Belə ki, bəzi hallarda piyadalar aid olmayan, yəni onların hüququ olmayan yerlərdən keçirlər və belə deyim ki, avtonəqliyyat vasitələrinin faktiki olaraq qəzanı törətməklə üz-üzə qoyurlar. Ona görə də hesab edirəm ki, yol nişanları artırılmalıdır və piyadalara yol hərəkəti iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaq tələb olunmalıdır. Ümumilikdə, əgər sürücülərin baş vermiş nəqliyyat hadisəsində günah payı yüksək olursa, bununla bağlı, əlbəttə ki, inzibati və cinayət məsuliyyəti müəyyən olunmuşdur. Hər ikisində avtotexniki ekspertizanın rəyi əsas götürülür. Əgər sürücü cinayətkəranə şəkildə davranışa yol verirsə və ya sürücü sərxoş halda nəqliyyat vasitəsini idarə edirsə, əlbəttə ki, mən tərəfdarıyam ki, həmin sürücülərə ən ağır cəzaların verilməsi qanunvericiliyə nəzərə tutulsun. Yox, sürücünün avtoqəzanın qarşısını almaq üçün, həqiqətən də, texniki imkanları olmayıb. Bu, ani yaranan bir hadisə olub. Belə halda, sürücülərə qarşı qanunvericilik daha yumşaq, daha loyal davranmalıdır. Amma ümumilikdə isə düşünürəm ki, bu hadisələrin qarşısının alınması üçün ilk növbədə, imtahan qeydiyyat idarələrindən başlamaq lazımdır. Çünki indi də bir sıra hallar mövcuddur ki, sürücülük vəsitəsinin alınması ilə bağlı qeyri-prosessual hərəkətlərdə iştirakçılıq mövcuddur. Bu səbəbdən də gələcəkdə bu tip halların qarşısı alınmaz olur. Ona görə də hər kəs öz vəzifəsini ciddi yerinə yetirsə, cəmiyyətimizdə bu halların faiz nisbəti də aşağı olar”.

Hüquqşünas Səməd Vəkilov isə problemin yalnız cərimələr və inzibati amirliklə həll olunmayacağını vurğulayıb: “Piyadaların vurulması və avtomobil qəzalarının artması ilə bağlı mübarizədə müxtəlif cür üsul və vasitələrdən istifadə edirik. Məsələn, Türkiyədə daha çox qəza baş verən yollarda. Nümunə üçün deyək ki, Türkiyədə yol polisinin maketlərini yerləşdirilməsi nəticəsində müəyyən yollarda avtomobil qəzaları 30 faiz azaldı. Yəni belə mübarizə üsulları var. Azərbaycanda da yol polisinin maketlərinin quraşdırılması ilə bağlı mən Daxili İşlər Nazirliyi qarşısında ictimaiyyət nümayəndəsi kimi məsələ qaldırmışdım. Müəyyən müddətdən sonra o üsül tətbiq olundu. Bundan müəyyən bir müddət sonra o da tətbiq olundu. Hesab edirəm ki, təkcə inzibati amirlik metodu ilə cərimələrin qaldırılması ilə, əlbəttə ki, qəzaların və cinayətlərin qarşısını almaq düzgün deyil. Təcrübə onu göstərir ki, əlbəttə ki, burada xüsusilə sürücülük vəsiqələrinin verilməsində yol verilən subyektiv amillər nəzərə alınmalıdır. Avtomobil qəzalarına səbəb olan ən biirinci amil elə budur, yəni sürücülük vəsiqələrinin hansısa üsullarla alınması. Bunun qarşısı alınarsa, mən sizi inandırım ki, avtomobil qəzalarının böyük əksəriyyətinin qarşısı alınmış olar".

Sosioloq Lalə Mehralı məsuliyyətin yalnız sürücülərin deyil, həm də piyadaların üzərinə düşdüyünü deyir. Onun fikrincə, valideynlərin davranışı və maarifləndirmənin zəifliyi yeni nəsildə məsuliyyətsiz münasibət formalaşdırır: “Böyük təəssüf hissi ilə deyim ki, piyadaların vurulması məsələsi olduqca aktual məsələdir və çox təəssüf ki, insanlarımızın o qədər də diqqətə almadığı məsələdir. Bu diqqətə almama məsələsi onların öz həyatı bahasına başa gəlir. Birmənalı olaraq piyadaların günahlandırılmasının əleyhinəyəm. Yol nəqliyyat hadisələrində piyadaların vurulması hallarında burada bəzi sürücülər də məsuliyyət daşıyır, amma piyadalar da yol hərəkəti qaydalarındakəı öz məsuliyyətlərini anlamırlar. Ümumiyyətlə, bu məsələdə valideynlərin öhdəsinə böyük rol düşür. Təəssüf ki, yol hərəkəti qaydalarını bilməyən nəsil yetişir. Məktəbə uşaq aparıb-gətirən və ya övladı ilə şəhərə çıxan valideynlərin yol hərəkəti qaydalarına əməl etməməsi onların öz övladlarına bir növ "örnək" olur. Uşaqlar görəndə ki, valideynləri qırmızı işıqda yolu keçir, piyada keçidi olduğu halda, yeraltı və ya yerüstü sürətlə hərəkət edən maşınların arasından keçməyə cəhd edir sabah tək olanda o uşaq da valideynin etdiyini təkrarlayır və beləcə yeni hadisələr meydana çıxır".
Onun fikrincə, ciddi maarifləndirməyə ehtiyac var: "Məktəblərdə yol hərəkəti qaydalarından bağlı açıq görüşlər keçirilməlidir. Bəzi məktəblərdə bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi iclaslar, seminarlar, təlimlər keçir. Amma bu, kütləviləşməlidir və məktəblərdə yol hərəkəti qaydalarından bağlı uşaqlara müfəssəl məlumatlar verilməlidir. Valideynlərin məlumatlandırılması məsələsi zənn eləyirəm ki, bir qədər çətin olacaq.Çünki onlar artıq məktəb yaşında deyirlər, yetkin insanlardırlar və məsuliyyətlərini dərk eləyəcək yaşda olmaqlarına rəğmən bu cür qəzalara rəvaç verirlərsə, onların məlumatlandırılması prosesi əziyyətli olacaq. Əslində, insanlar öz sosial məsuliyyətlərini dərk eləmirlər. Düşünmürlər ki, sürətlə hərəkət edən maşınların olduğu yolda qanuna zidd hərəkət etsələr həm öz həyatlarını təhlükəyə atırlar, həm o sürücünün məsuliyyətini artırırlar və bəzi hallarda günah olmadan həbsə göndərilən sürücülərin həyatının məhv edilməsinə səbəb olurlar. Bir çox inkişaf etmiş ölkədə piyadanın günahı ucbatından ölüm halları baş verərsə, bu halda sürücülər məsuliyyətə cəlb olunmurlar. Məsələn magistral yollarda, yüksək sürətlə hərəkət olunan yollarda piyada o yola çıxırsa və ölüm hadisəsi baş verirsə, burada sürücünün günahı yoxdur. Çünki sürücü əmindir ki, bu yolda piyada ola bilməz və təyin olunmuş yüksək sürətlə hərəkət edir. Piyadalar qəfildən sürücünün qarşısına çıxaraq ölümə yol açan yol nəqliyyət hadisəsi yaradırlarsa, bunun məsuliyyətinin fərqində olmalıdırlar. Ona görə də bir çox halda görürük ki, əslində piyada keçidinin olduğu yerlərdə belə insanlar piyada keçidindən istifadə eləmirlər, yeraltı və ya yerüstü keçidin məsafəsinin uzaqlığını iddia elədirlər. Məsafə nə qədər uzaq olsa belə onu qət etmək lazımdır. Çünki nəticədə insan həyatından söhbət gedir. Sosial məsuliyyətlərini dərk etməməyin nəticəsi də bugün bu statistik rəqəmlərdə əks olunur”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə hesab edir ki, bu sahədə əsas problem 2019–2023-cü illəri əhatə edən “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nın tam icra edilməməsidir: “Neqativ halların qarşısını almaq üçün ilk növbədə Azərbaycan Respublikasında 2018-ci ildə qəbul olunmuş Azərbaycanda Yol Hərəkətinin təhlükəsində dəyər dövlət proqramını tam olaraq həyata keçirmək lazımdır. Bu proqram 2019-2023-cü illəri əhatə edirdi. 5 il ərzində proqramdakı müddəalar, tələblər, vəzifələr həyata keçirilsə idi, qəzaların sayı 30% azalardı və biz bugün xeyli sayda bu qazaların sayının azalmasını şahid olardıq. Təəssüf ki, müəyyən səbəblərdən bu proqram tam həcmdə həyata keçirilməyib, ona görə də biz qəzaların sayını istədiyimiz qədər azalda bilmirik. Piyada keçidlərində qəzaların sayını azaltmaq üçün elementar işlər görmək olar. Məsələn, piyada keçidinə 100-150 metr qalmış əlavə xəbərdar edici nişanlar yerləşdirmək olar. Sürət həddinin azaldılmasını göstərən nişanlar yerləşdirmək, piyada keçidlərini işıqlandırmaq olar. Piyada keçidlərində əlavə digər təhlükəsizlik tədbirləri görmək mümkündür. Qəfil döngələrdə enişdə və yoxuşda olan piyada keçidlərinin yerini dəyişmək də nəticə verər. Qəza ocağına çevrilmiş piyada keçidlərinin yeri dəyişdirilməlidir”.
Günel Verdiyeva
13:19 27.10.2025
Oxunuş sayı: 1765