Ermənistanda ikinci keşiş bazar günü istintaqa çağırılıb
Ermənistanda ikinci erməni keşiş bazar günü keçirilən ayin zamanı İstintaq Komitəsinə dindirməyə çağırılıb. Ermənistan mediasının yaydığı məlumata görə, daha əvvəl Ovanavank monastırının keşişi Sarkis Sarkisyan dindirməyə çağırılmışdı. Onun vəkili Ara Zoqrabyan bunu ibadətin qarşısını almaq cəhdi kimi qiymətləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
İndi isə istintaqçılar Büraqan kilsəsinin rahibi Surb Ovanes keşişi Vrtanes Bağalyanla da görüşmək istəyirlər. O, şahid qismində ifadə vermək üçün növbəti bazar günü çağırılıb. Cinayət işi vəzifə səlahiyyətlərindən istifadə etməklə insanları mitinqlərdə iştirak etməyə məcbur etmə maddəsi üzrə açılıb.
Qeyd edək ki, Ermənistan hakimiyyəti ilə kilsə arasında gərginlik baş nazir Nikol Paşinyanın sosial şəbəkələrdə ali ruhani təbəqəni sərt tənqid etməsindən sonra daha da artıb. Qarşıdurma fonunda müxtəlif ittihamlarla arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapaxyan, yepiskop Mkrtıç Proşyan və Muqni kəndindəki Surb Gevorq monastırının rahibi Qaregin Arsenyan həbs edilib.
Bundan əlavə, keşiş Aram Asatryanın müxalif mitinqlərdə iştirak etməyə məcbur edilməsi ilə bağlı iddiaları əsasında cinayət işi başlanıb.
Günel Verdiyeva
11:02 25.10.2025
Oxunuş sayı: 862